×
A
A
A
Sazlamalar

Mirhəsən Həsənov: “Metsamor” Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır

Bakı, 31 oktyabr, AZƏRTAC
Hazırda Azərbaycanın qonşuluğunda, Ermənistan ərazisində potensial təhlükə mənbəyi olan “Metsamor” Atom Elektrik Stansiyası fəaliyyət göstərir. Azərbaycanın ictimai təşkilatları, o cümlədən “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyi olaraq biz müxtəlif beynəlxalq təşkilatlara “Metsamor”un istismar müddətinin başa çatması və bu stansiyanın fəaliyyətinin dayandırılması barədə dəfələrlə müraciətlər ünvanlamışıq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov bildirib.
Mirhəsən Həsənov qeyd edib ki, “Metsamor” Atom Elektrik Stansiyası “Çernobıl” Atom Elektrik Stansiyası kimi bölgə üçün təhlükə mənbəyidir. Bu stansiya köhnə texniki proqramlarla qurulub. Stansiyanın istismar müddəti başa çatdığından onunla bağlı rəylərdə bölgə üçün təhlükəli olması dəfələrlə öz təsdiqini tapıb. Niyə stansiyanın fəaliyyətinin dayandırılması üçün beynəlxalq aləm bir araya gəlmir? Niyə bölgədə insan haqlarının müdafiəsindən danışan beynəlxalq təşkilatlar Ermənistandakı stansiyanın fəaliyyəti ilə bağlı mövqeyini ortaya qoymur? Əgər “Metsamor”da partlayış baş verərsə, o, “Çernobıl” Atom Elektrik Stansiyasındakı hadisə kimi bəşəriyyət üçün ikinci böyük və dəhşətli bir faciə olacaq.
Koronavirus pandemiyasından bəlkə də sağalmaq mümkündür. Ancaq partlayış nəticəsində insanların radiasiyadan sağalması daha çətindir və hətta mümkünsüzdür. Odur ki, biz bu gün “Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı səsimizi dünyaya çatdırmalıyıq ki, bu bölgəmiz üçün böyük faciəyə çevrilə bilər. Bu stansiyanın dayandırılması üçün beynəlxalq təşkilatlar müvafiq addımlar atmalıdırlar. Əgər ermənilərə bu stansiya ilə bağlı belə güzəştlər edilirsə, dünya birliyi Azərbaycanın həqiqətlərinə münasibətdə də düzgün mövqe nümayiş etdirməlidir. Ölkəmizə qarşı ikili standartlara yanaşma olmamalıdır.
İctimai Birliyinin sədri bildirib ki, otuz ildir Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən pozulur. Azərbaycana qarşı hərbi təcavüz törədən Ermənistan o vaxt olduğu kimi, hazırda da dünya ictimaiyyətini aldatmaqda davam edir və ölkəmizlə bağlı yalan məlumat və dezinformasiyalar yayır. Odur ki, beynəlxalq təşkilatlar ermənilərin yalanlarına aldanıb yanlış mövqedən çıxış etməməlidirlər. Dünya birliyi Azərbaycanın həqiqətlərini bilməli və düzgün mövqe nümayiş etdirməlidir. Beynəlxalq qurumlar isə ölkəmizə qarşı ikili standartlar tətbiq etməkdən əl çəkməlidirlər.
Qeyd edək ki, 1986-cı il aprelin 26-da Kiyev şəhəri yaxınlığındakı “Çernobıl” Atom Elektrik Stansiyasında baş vermiş partlayış bəşəriyyət üçün XX əsrin ən böyük texnogen qəzası hesab olunur. Faciədən ötən müddətdə 2500-dən çox insan səhhətində yaranan problemlər üzündən dünyasını dəyişib. O vaxt baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə 600 min nəfər, o cümlədən 8 minə yaxın azərbaycanlı cəlb olunmuşdu.

Sosial 2020-10-31 12:22:00