×
A
A
A
Sazlamalar

Azərbaycan bəhailəri dini mərkəzi: Haqq-ədalətin qalib gəlməsi üçün dua edirik

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan xalqı sülhpərvər xalqdır. Bunun sübuta ehtiyacı yoxdur. Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin son illərdə multikulturalizm və tolerantlıq, ölkəmizin humanitar dialoq platformasına çevrilməsi sahəsində gördüyü işlər, ölkəmizdə çoxsaylı xalqların və dinlərin azad və ahəng içərisində yaşaması bunun bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan bəhailəri dini mərkəzinin açıqlamasında yer alır.
Açıqlamada deyilir ki, xalqımız 30 il ərzində ürək ağrısı ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad olunması ümidi ilə yaşayıb. Təəssüf ki, maraqlar və təəssübkeşliklər üzündən ədalətsizliyə göz yumulub. Bu gün dünyanın ən böyük ehtiyacı sülh və birlikdirsə, onun da açarı ədalətdir. Ona görə də ədalət yerini tutmalıdır ki, bölgəmizə və dünyaya sülh gəlsin. Ölkəmizdə bəhailər də Azərbaycan vətəndaşı olaraq bu şərəfli tarix yazılan günlərdə Vətənimizin xidmətindədirlər, həm də yeni şəraiti nəzərə almaqla icma kimi fəaliyyətlərini davam etdirirlər.
“İcma üzvləri uşaqlar və yeniyetmələrin də iştirakı ilə ailələri və digər insanlarla birlikdə Azərbaycanın əmin-amanlığı, haqq-ədalətin qalib gəlməsi, əsgərlərimizin öz evlərinə sağ-salamat qayıtması, Vətən uğrunda həlak olmuş əsgərlərimiz və mülki vətəndaşlarımız üçün dualar edir, başqa ölkələrdə yaşayan bəhailərə Azərbaycan həqiqətləri barədə məlumat verirlər. Həmçinin icma üzvləri əsgərlərimizin ailələrini ziyarət edir, onlara maddi və mənəvi dəstək olurlar. Böyüklərlə birlikdə bəhailərin yaşadıqları məhəllələrdəki uşaqlar da cəbhədəki əsgərlərə sevgilərini ifadə edən hədiyyələr, məktublar göndərir, dualar edirlər”, - deyə açıqlamada bildirilir.

Cəmiyyət 2020-10-30 19:13:00