×
A
A
A
Sazlamalar

Cəlilabadda xüsusi karantin rejimi qaydalarına nəzarət gücləndirilib

Cəlilabad, 30 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər daha da gücəndirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları bu məqsədlə sanitar-karantin qaydalarına ciddi şəkildə əməl edilməsinə nəzarəti həyata keçirir.
Bu məqsədlə keçirilən reydlər zamanı qapalı məkanlarda, xüsusilə market və digər ticarət obyektlərində, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılır və sosial məsafənin, tibbi maskadan istifadənin əhəmiyyəti, zəruriliyi diqqətə çatdırılır.
Polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalar və gigiyenik qaydalara əməl olunmasına dair maarifləndirici bukletlər paylanılır. Tənəffüs yollarını örtən tibbi vasitələrdən istifadə etməyən, dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilirlər.
Qeyd edək ki, ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, 2020-ci il 29 oktyabr saat 00:00-dan etibarən ölkəmizin bir sıra şəhər və rayonlarına, o cümlədən Cəlilabad rayonuna giriş-çıxış dayandırılıb.

Regionlar 2020-10-30 18:09:00