Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İcbari Sığorta Bürosu saxta “Yaşıl Kart” müqavilələrinin satılması ilə bağlı açıqlama yayıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Son zamanlar nəqliyyat vasitəsi sahiblərinin beynəlxalq sığorta kartı olan “Yaşıl Kart”la bağlı saxta sığorta müqavilələrinin satılmasına dair İcbari Sığorta Bürosuna (İSB) xaricdə fəaliyyət göstərən “Yaşıl Kart” büroları tərəfindən məlumatlar daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İSB-dən verilən məlumatda bildirilir.
İcbari Sığorta Bürosu vətəndaşların diqqətinə çatdırır ki, “İcbari Sığortalar haqqında” Qanunun 63.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycanın “Yaşıl Kart”ını yalnız “Yaşıl Kart” sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir. Bununla yanaşı, vətəndaşlardan xahiş olunur ki, xarici ölkələrə səfər zamanı “Yaşıl Kart” sığorta təminatının alınmasında aşağıdakılara diqqət etsinlər:
- “Yaşıl Kart” blankında yuxarıda solda yerləşən İcbari Sığorta Bürosunun loqosunun olmasına;
- “Yaşıl Kart”ın qüvvədə olduğu ölkələri əks etdirən cədvəldə (8-ci bölüm) səyahət edəcəyi ölkənin üzərindən xətt çəkilib-çəkilməməsinə;
- “Yaşıl Kart”ı təqdim edən sığortaçı (10-cu bölüm) barədə məlumatların dəqiqliyinə.
Qeyd edək ki, vətəndaşlar İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsi (“www.isb.az”) vasitəsilə və ya (012) 595 00 20 telefonuna zəng etməklə də “Yaşıl Kart”ın etibarlılığı barədə məlumat əldə edə bilərlər.

 

Maliyyə 2020-10-30 17:22:00