×
A
A
A
Sazlamalar

Malayziyanın BERNAMA agentliyi Ermənistan-Azərbaycan cəbhəsində döyüşlərin davam etməsindən yazır

Kuala Lumpur, 30 oktyabr, AZƏRTAC

Malayziyanın BERNAMA Dövlət İnformasiya Agentliyi Ermənistan-Azərbaycan cəbhəsində döyüşlərin davam etdiyi barədə məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, agentliyin Müdafiə Nazirliyinə istinadla yaydığı məlumatda ötən gün və gecə saatlarında Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, yaşayış məntəqələrini artilleriya qurğularından və raketlərdən istifadə etməklə atəşə tutduğu bildirilir.
Qeyd edilir ki, ötən gün döyüşlər əsasən Xocavənd, Fizuli və Qubadlı istiqamətində davam edib və Ermənistan silahlı qüvvələrinin əks-hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistan ordusunun xeyli itki verdiyi də diqqətə çatdırılır.
Məqalədə son döyüşlər zamanı düşmənin 2 ədəd T-72 tankının, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sisteminin, 14 ədəd müxtəlif artilleriya qurğusunun, 6 ədəd avtomobil texnikasının və bir neçə dayaq məntəqəsinin dəqiq atəşlə məhv edildiyi əksini tapıb. Qeyd edilib ki, Ermənistan ordusu Bərdə, Goranboy və Tərtər rayonlarında yaşayış məntəqələrini və mülki infrastrukturları raket və artilleriya atəşinə tutmaqla növbəti müharibə cinayətlərinə əl atıb.
Bununla yanaşı, Azərbaycan tərəfinin Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun mərkəzi hissəsinə raket zərbələri nəticəsində 5-i qadın olmaqla 21 nəfərin həlak olduğu, 8 uşaq və 15 qadın daxil olmaqla, 70 nəfərin yaralandığı barədə məlumat yaydığı da bildirilir.
Azərbaycan Baş Prokurorluğuna istinadla, Ermənistanın istifadəsi beynəlxalq qanunlarla qadağan edilən kaset bombalı “Smerç” raketləri ilə Bərdə şəhərinin əhalinin sıx yaşadığı yerlərinə və ticarət obyektlərinə zərbələr endirdiyi də yazıda qeyd edilib.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur

Siyasət 2020-10-30 17:10:00