×
A
A
A
Sazlamalar

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm hərbi sahədə, həm də diplomatiya sahəsində böyük uğurlara imza atır

Bakı, 30 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə uğurlu əməliyyatı, ordumuzun peşəkarlığı, müasir hərb strategiyasının tətbiqi və dünya hərb tarixinə yenilik gətirməsi sayəsində işğal altındakı ərazilərimiz düşmən tapdağından təmizlənir. Sentyabrın 27-dən başlanan ikinci Qarabağ müharibəsində ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbə, 27 ildir ki, işğal altında qalan torpaqlarımızın bir-birinin ardınca azad edilməsi bir daha təsdiqlədi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin formalaşdırdığı rəşadətli ordumuz işğal altında olan ərazilərimizi azad etmək iqtidarındadır. Artıq dünya ictimaiyyəti də bunun şahididir. Azərbaycan Ordusu müstəqillik tariximizə şanlı səhifələr yazır.
Bu fikirləri AZƏRTAC-a Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov bildirib.
K.Seyidov deyib ki, Azərbaycanda ordu quruculuğu həmişə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib və bu gün də belədir. Hazırda tam əminliklə deyə bilərik ki, möhtərəm Prezidentimizin fəaliyyətində ordu quruculuğu birinci yerdədir. Mənfur qonşumuz 30 ilə yaxındır ki, ərazimizin 20 faizini işğal altında saxlayıb və xarici havadarlarının dəstəyi ilə mütəmadi olaraq sərhədboyu ərazilərdə təxribatlar törədir, dinc əhalini vəhşicəsinə qətlə yetirir, yaşayış məntəqələrini yerlə-yeksan edir, qəbiristanlıqları dağıdır. Bu, əsl, faşist qəddarlığıdır. Məhz bunu nəzərə alan ölkə başçısı Azərbaycanda ordu quruculuğunu daim diqqət mərkəzində saxlayır. Bu gün bunun uğurlu nəticələrini görürük.
Möhtərəm Prezidentimiz bu gün həm döyüş meydanında, həm də diplomatiya sahəsində xariqələr yaradır. Uzun müddət idi ki, Azərbaycan informasiya blokadasına alınmışdı və əsl həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdıra bilmirdi. Ermənistan xarici havadarlarının dəstəyi ilə dezinformasiya yayaraq törətdikləri terror aktlarını ört-basdır edir, üstəlik bunların Azərbaycan tərəfindən törədildiyi barədə feyk məlumatlar yayırdılar. Artıq dövlətimizin başçısı dünyanın aparıcı televiziya kanallarına, tanınmış kütləvi informasiya vasitələrinə, agentliklərinə müsahibələr verməklə Ermənistan rəhbərliyinin işğalçı siyasəti, faşizm ideologiyasına sadiqliyi, təcavüzkar ordunun dinc əhalini vəhşicəsinə qətlə yetirməsi, yaşayış məntəqələrini yararsız hala salması barədə faktlara istinadən ətraflı məlumatlar verir, bununla da həm işğalçı ölkənin rəhbərinin, həm də onlara havadarlıq edənlərin iç üzünü açır.
Ermənistan həm döyüşdə, həm də diplomatiya sahəsində məğlub olduğunu açıq şəkildə hiss edir və artıq üçüncü dəfə ağ bayraq qaldırıb. Lakin buna baxmayaraq, dərhal da humanitar atəşkəs rejimini pozur. Dövlətimizin başçısı bu günlərdə Rusiyanın İnterfaks agentliyinə müsahibəsində də bu faktları bir daha diqqətə çatdırdı. Agentliyin çoxminli oxucularına da bəlli oldu ki, Ermənistan atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq azad edilmiş əraziləri yenidən işğal etməyə cəhd göstərir, prosesi qarşıdurmanın davamına doğru yönəldir. Dövlətimizin başçısı münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyini bir daha bəyan etdi. Bildirdi ki, hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. İşğal altında olan bütün ərazilər azad olunmalı, Ermənistan ordusunu geri çəkməli və zəbt etdiyi torpaqlardan çıxmalı, ondan sonra siyasi nizamlama prosesinə keçmək olar. Qeyd edildi ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu günə kimi əldə olunmuş irəliləyişin üzərindən xətt çəkdi və öz hərəkətləri, sərsəm bəyanatları ilə Ermənistana rəhbərlik etmiş şəxslərin heç birinin etmədiyini açıq şəkildə nümayiş etdirdi və Azərbaycana qarşı təhqirlərə yol verdi. Onun açıqlamaları bir-birini tamamilə qarşılıqlı istisna edən qeyri-adekvatlıq palitrasıdır. Ermənistanın indiki rəhbərliyi danışıqlar prosesini mümkünsüz etdi və münaqişənin hərb yolu ilə həllindən başqa çıxış yolu qoymadı.
Dövlətimizin başçısı müsahibəsində erməni tərəfin aqressiv davranışı və onların beynəlxalq hüququ, Cenevrə konvensiyalarını kobud şəkildə pozması və müharibə cinayətləri törətməsi barədə məlumat verdi. Dövlət başçısı ermənilərin atəşləri nəticəsində bizim 69 dinc vətəndaşımızın (hazırda bu rəqəm 90-a çatıb K.S.) həlak olduğunu, 300-dən çox adamın yaralandığını diqqətə çatdırdı və bunu erməni faşizminin siması adlandırdı: “Lakin, eyni zamanda, düşünürəm, döyüş meydanında Ermənistanı məğlub etməyimiz, hər halda, onlardan ötrü ciddi siqnal olmalıdır ki, onlar daha imitasiya fəaliyyəti apara, bizi, Minsk qrupunun həmsədrlərini aldada, mahiyyət etibarilə, məsələnin konkret müzakirəsindən yaxa qurtara bilməzlər. Danışıqlar prosesinə gəldikdə isə, son bir il ərzində, hətta bir ildən də çox müddətdə praktiki olaraq bu proses aparılmayıb. Bu, 1994-cü il atəşkəs razılaşmasından sonra ilk dəfə idi. Ona görə ki, o vaxtdan bəri danışıqlar prosesi müxtəlif intensivliklə gedir, tərəflər baza prinsiplərinin bəndlərini razılaşdırırdılar. Axı, bu prinsiplər göydən düşməyib. Bu prinsiplər Minsk qrupu tərəfindən, onun həmsədrləri tərəfindən təklif edilmiş və münaqişə tərəfləri onları razılaşdırmışdılar. Əlbəttə, proses ləng gedirdi, lakin ümumiyyətlə, müəyyən tərəqqi vardı. Amma Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra birinci ildə onlar bizə və vasitəçilərə vədlər verirdilər, ikinci ildə isə artıq açıq şəkildə özlərinin əsl niyyətlərini nümayiş etdirdilər ki, onlar bircə qarış belə torpaq verməyəcəklər və üstəlik, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdilər. Yeri gəlmişkən, bu sözləri onların müdafiə naziri deyib. Hazırda o, müdafiə naziri kimi həm öz xalqının, həm də dünya ictimaiyyətinin nəzərində tamamilə hörmətdən düşüb.
Təəccüblüdür, necə olub ki, belə alçaldıcı məğlubiyyətdən sonra o, indiyə qədər istefa verməyib”.
Dövlətimizin başçısı beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətindən də söhbət açdı. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi. Təəssüf ki, Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi təcavüzkarı daha da azğınlaşdırdı. Nəhayət, Azərbaycanın səbir kasası daşdı və işğalçıya layiq olduğu yer göstərildi.
Hazırda Azərbaycan öz torpağında vuruşur və ərazi bütövlüyümüzü təmin edir. Həm döyüş, həm də diplomatiya cəbhəsinin müdrik sərkərdəsi Ali Baş Komandan, Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 27 il ərzində yerinə yetirə bilmədiyi qətnamələri, eyni zamanda, ATƏT-in Minsk qrupunun baza prinsiplərini özü yerinə yetirir.

Siyasət 2020-10-30 17:33:00