×
A
A
A
Sazlamalar

Dövlət Komissiyası: Ermənistan 84 yaşlı Mişa Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib

Bakı, 30 oktyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, Hadrut qəsəbəsində ermənilərin köməksiz halda buraxıb getməsi nəticəsində uzun müddət qidasız və susuz qalması səbəbindən sağlamlıq durumu ağırlaşmış vəziyyətdə aşkarlanan 84 yaşlı Mişa Melkumyanı Azərbaycan tərəfi oktyabrın 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəyib. Lakin qarşı tərəf qeyri-insani davranış göstərərək M.Melkumyanı təhvil almaqdan imtina edib.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, ürəyin xroniki işemiyası, böyrək çatışmazlığı, pnevmoniya, yataq yaraları və digər ağır xəstəliklərdən əziyyət çəkən M.Melkumyan dərhal xəstəxanaya yerləşdirilib. Onun sağlamlıq durumunun yaxşılaşdırılması istiqamətində bütün zəruri tibbi prosedurlar həyata keçirilib və müvafiq qaydada sənədləşdirilib. M.Melkumyanın vəziyyətinin ağır olması BQXK-nın həkim mütəxəssisləri tərəfindən də təsdiqlənib. Görülmüş tədbirlərə baxmayaraq, M.Melkumyan oktyabrın 30-u gecə saatlarında keçinib və xəstəliyi ilə bağlı epikriz BQXK-ya təqdim olunub. Onun nəşinin BQXK-nın vasitəçiliyi ilə verilməsi üçün ilkin razılığın əldə olunmasına və Azərbaycan tərəfindən bütün təşkilati işlərin görülməsinə baxmayaraq, Ermənistan bir daha beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik göstərib və M.Melkumyanın nəşini qəbul edərək həmin ölkədə yaşayan ailə üzvlərinə çatdırılmasından imtina edib.
M.Melkumyanı əsir götürülmüş şəxs kimi təqdim etmək cəhdləri Ermənistanın özünün qeyri-insani hərəkətlərini ört-basdır etmək üçün yalan kampaniyasının tərkib hissəsidir.

 

Cəmiyyət 2020-10-30 16:44:00