×
A
A
A
Sazlamalar

Hesablama Palatası xarici həmkarlarını Bərdədə törədilmiş erməni terroru barədə məlumatlandırıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Hesablama Palatası xarici ölkələrdə fəaliyyət göstərən ali audit orqanları və bu orqanların beynəlxalq təşkilatlarını son günlərdə Bərdə şəhərinə edilmiş xain hücumlar barədə məlumatlandırıb.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatda Azərbaycan Respublikasının BMT və dünya ölkələri tərəfindən tanınan suveren ərazisinin 20 faizini 30 ilə yaxındır işğal altında saxlayan Ermənistanın yeni ərazilərin istila olunması arzusunu reallaşdırmaq istəyinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusu tərəfindən əks-hücum əməliyyatlarına başlanılması, aparılan uğurlu əməliyyatların nəticəsi olaraq işğal edilən ərazilərin bir hissəsinin azad olunması əks etdirilib. Eyni zamanda, xarici həmkarlara Ermənistan silahlı qüvvələrinin döyüş meydanında məğlubiyyətlərinin əvəzini dinc əhalidən çıxmaq cəhdləri, hərbi əməliyyatların aparıldığı ərazilərdən çox uzaqda olan şəhərlərin çox zaman Ermənistan respublikasının ərazisindən atəşə tutulması barədə məlumat verilib.
Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutması, Bərdə şəhərinə xaincəsinə və qadağan olunmuş silahlarla edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla 21 mülki şəxsin həlak olması və 70-dən çox insanın ağır yaralanması diqqətə çatdırılıb. Məlumatda hərbi hədəf əlamətləri olmayan, münaqişə zonasından çox uzaqda yerləşən şəhərdəki yaşayış məntəqələrinin növbəti dəfə hədəfə alınmasının Ermənistanın terrorçu mahiyyətini bir daha nümayiş etdirməsi, düşmən ölkə tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və bu cinayətə görə ölkənin baş naziri və müdafiə naziri də daxil olmaqla Ermənistan rəhbərliyinin tam şəkildə məsuliyyət daşıdığı bildirilib.
Məlumat Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın, bu təşkilatın regional bölmələrinin - EUROSAI-ın (Ali Audit Qurumlarının Avropa Təşkilatı), ASOSAI-ın (Ali Audit Qurumlarının Avropa Təşkilatı), ECOSAI-ın (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatı) prezidentlikləri və baş katibliklərinə, MDB-yə üzv Dövlətlərin Ali Audit Orqanlarının Rəhbərlər Şurasına, həmçinin ayrı-ayrı ölkələrin ali audit orqanlarına təqdim edilib.

İqtisadiyyat 2020-10-30 14:47:00