×
A
A
A
Sazlamalar

“Skal Bakı”nın rəhbəri “Skal İnternational”ın prezidentinə müraciət edib

Bakı, 30 oktyabr, AZƏRTAC

“Skal İnternational”ın Bakı klubunun prezidenti Ceyhun Aşurov “Skal İnternational”ın prezidenti Peter Morrisona, qurumun rəhbərliyinə və dünya skalçılarına müraciət edib.
AZƏRTAC xəbər verir ki, hazırda Azərbaycanın apardığı Vətən müharibəsi və onun başlanma səbəbləri haqqında həmkarlarını məlumatlandıran “Skal Bakı”nın rəhbəri müraciətində bildirib:
“Dostlar arasında iş aparmaq” şüarı ilə seçdiyimiz yolda qlobal şəbəkə və dostluğu dünyada təbliğ etmək fəaliyyətimizin ana xəttidir. Eyni zamanda, barış, humanizm və tolerantlıq prinsipləri təmsil etdiyimiz təşkilatın əsas prinsipləridir. Təxminən 30 ildir ki, Azərbaycan bu prinsiplərin dünyada qurulması istiqamətində praktik və intellektual potensialını nümayiş etdirir. Cənubi Qafqazdakı heç bir qlobal siyasi, iqtisadi, mədəni, humanitar, sosial və digər layihələr Azərbaycanın iştirakı olmadan həyata keçirilmir. Bütün bu addımlar insanların dinclik və əmin-amanlıq içində yaşamaq, sağlam həyat tərzi sürmələri və qlobal dünyada ən böyük gerçəklik olması üçün bir zəmanətdir. Yalnız Ermənistanın 30 ildən artıq bir müddətdə apardığı təcavüzkar və antiinsan siyasət bütün bölgəni və bütövlükdə insanlığı təhdid edir. Nəticədə, Azərbaycan torpaqlarının 20 faizdəndən çoxu 30 ilə yaxındır ki, işğal altındadır, yüzlərlə insan soyqırımın qurbanı olub, 1 milyondan çox insan doğma yerlərini və evlərini itirib. BMT Təhlükəsizlik Şurası, BMT Baş Məclisi, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, ATƏT PA, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qətnamə və tələblərinə baxmayaraq, Ermənistan sülhə qarşı olduğunu nümayiş etdirir, Azərbaycan tərəfi ilə konstruktiv dinc danışıqlar aparmaq və sözdə Dağlıq Qarabağ problemi fonunda Azərbaycanla qarşıdurma coğrafiyasını genişləndirməyə çalışır. Qeyd edim ki, Ermənistan silahlı qüvvələri 2020-ci il iyul ayının ilk günlərindən başlayaraq Azərbaycanın Tovuz bölgəsinə (Qarabağla əlaqəli olmayan) - Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədinə qarşı təxribat xarakterli hücum həyata keçirdi. Nəticədə 12 hərbçimiz və bir mülki vətəndaşımız həlak oldu. Sərhədyanı bölgədə yerləşən onlarla ev dağıdıldı. Dünya ölkələri birgə səy göstərərək COVID-19 pandemiyasına qarşı mübarizə apararkən, Ermənistanın hərəkətləri nəticəsində baş verən bu hadisələr bir daha göstərir ki, ermənilər insanlığa qarşı mövqe tutaraq, sülh və humanizm prinsiplərinə məhəl qoymur, bununla kifayətlənmədən Amerikadakı, Avropadakı və MDB-dəki ictimai fikri səhv istiqamətə yönəldərək dağıdıcı təxribatlara əl atırlar. Növbəti günlərdə bu hadisələrdən sonra bölgədə vəziyyətin gərginləşdiyini deyə bilərik. Təəssüf ki, sentyabrın 27-də erməni silahlı birləşmələri Azərbaycan ərazilərinə hücum etdilər. Qarabağda (de juro Azərbaycan ərazisi) başlayan bu hücumun qarşısını almaq məqsədilə Azərbaycan adekvat cavab vermək məcburiyyətində qaldı. Nəticədə həmin vaxtdan başlayan əks-hücum əməliyyatları bu gün də davam edir. Əziz dostlar, Skal qətiliklə siyasi bir platforma deyil, amma gerçəyi qeyd edib sizləri doğru məlumatlandırmağı özümüzə borc bilirik. Onu da bilirik ki, Skal qlobal turizm liderlərinin peşəkar bir təşkilatı olaraq hər zaman turizm, sülh və dostluğu təbliğ edir. Bu, birgəyaşayış, dinclik, humanizm və tolerantlıq deməkdir. Sizə müraciətimizin əsas məqsədi bu məsələlərə eyni dərəcədə obyektiv, ədalətli, qərəzsiz və bərabər əsaslarla həssaslıq nümayiş etdirmək və ölkələrdə ictimai rəyin və düşüncənin formalaşmasına ən azı bir töhfə vermənizi xahiş etməkdir”.

Turizm 2020-10-30 00:06:00