×
A
A
A
Sazlamalar

Səhiyyə Nazirliyinin nümayəndəsi COVID-19 ilə mübarizənin epidemioloji aspektlərindən danışıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) baş direktorunun müavini Vaqif Abdullayev onlayn müsahibə verərək, Azərbaycanda COVID-19 ilə mübarizənin epidemioloji aspektləri barədə məlumat verib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Vaqif Abdullayev qeyd edib ki, son yüzilliyin ən geniş yayılmış pandemiyalarından biri özünün hələ tam öyrənilməyən virusoloji, epidemioloji, immunoloji, kliniki, patogenetik və digər aspektləri sayəsində dünya ölkələrini bir sıra sosial-iqtisadi problemlərlə üzləşdirib. Onun sözlərinə görə, ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri əsasən “Sanitariya-Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası qanununun tələbləri nəzərə alınmaqla, ölkə rəhbərliyinin çox ciddi və əhəmiyyətli tapşırıqlarının icrası və Azərbaycan hökuməti tərəfindən məqsədyönlü təşkili, Mərkəzi icra hakimiyyəti orqanlarının və onların yerli qurumlarının, yerli icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyəti şəraitində həyata keçirilir: “Hazırda ölkəmizdə COVID-19 infeksiyası ilə əlaqədar epidemik prosesin idarə olunması müasir üsulların tətbiqi və kompleks əksepidemik tədbirlərin təşkili vasitəsilə həyata keçirilir. Belə ki, xəstəlik hadisələrinin ilkin qeydiyyata alınması, onlar barədə bütün idarəetmə səviyyələrində məlumatların ötürülməsi, məlumatların toplanması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə tam uyğun olan elektron sistem vasitəsilə həyata keçirilməsi təmin olunub”.
RGEM-in baş direktorunun müavini COVID-19 virusunun ölkəmizdə geniş yayılmasının qarşısının alınmasına yönəldilmiş əksepidemik tədbirlərin operativ və məqsədyönlü şəkildə həyata keçirilməsində Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji xidmətinin əhəmiyyətli rolunu vurğulayıb: “Hər bir “pozitiv” nəticəli şəxs barədə məlumat alındığı andan etibarən ölkənin istənilən şəhər və bölgəsində fəaliyyət göstərən Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən dərhal epidemioloji təhqiqatın aparılmasına və əksepidemik tədbirlərin təşkilinə başlanılır. Bu tədbirlərin əsas məqsədi - epidemik prosesin inkişafını dayandırmaq üçün xəstəliyin yoluxma mənbəyinin müəyyənləşdirilməsi və lokallaşdırılması, digər şəxslərin yoluxmasının qarşısını almaq üçün xəstənin təcili təcrid olunması, xəstə ilə təmasda olmuş şəxslərin karantin nəzarətinə götürülməsi və karantin nəzarətində qalmaları üzərində nəzarətin təmin olunmasından ibarətdir.
Pandemiyanın başlanmasından keçən 8 aydan artıq bir müddətdə göstərilən istiqamətlərdə Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji xidmətinin xəstəlik aşkar olunan yaşayış və iş yerlərində, kollektivlərdə səmərəli fəaliyyəti də xəstəliyin geniş yayılmasının qarşısının alınması istiqamətində aparılan tədbirlərinə öz töhfələrini verib. Xəstəlik ocaqlarında və insanı əhatə edən mühitdə virusların məhv edilməsi məqsədilə effektiv dezinfeksiya tədbirlərinin vaxtında həyata keçirilməsi də çox vacib əhəmiyyət kəsb edir. Bu sahəyə də Səhiyyə Nazirliyinin xüsusi diqqəti sayəsində lazımi avadanlıq və vasitələr, habelə kifayət qədər işçi potensialı ilə təmin edilən dezinfeksiya xidməti tərəfindən mütəmadi həyata keçirilir”.
Müsahibə zamanı koronavirus infeksiyasının yayıldıqca epidemik prosesin idarə olunması üçün həyata keçirilən tədbirlərin intensivliyi və miqyasının artırılması mövzusuna da toxunuldu: “Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji Xidmətinin vahid strukturuna daxil olan qurumlarının COVID-19 infeksiyası ilə mübarizədə digər müvafiq qurumlarla əlaqəli fəaliyyətinin təmin olunması ən vacib fəaliyyət istiqamətlərindən biridir. Belə ki, müalicə-profilaktika və təhsil müəssisələrində, xidmət, ictimai-iaşə, mehmanxana və turizm xidməti obyektlərində infeksiyanın yayılmasının qarşısının alınması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Turizm Nazirliyi, yerli icra hakimiyyətləri, Daxili İşlər, Fövqəladə Hallar, Müdafiə, Ədliyyə nazirliklərinin tibb xidmətləri ilə birlikdə həyata keçirilən tədbirlər mühüm rol oynayır”.
Vaqif Abdullayev müsahibəsinin sonunda hər bir fəaliyyətin qanuni əsaslarını müəyyənləşdirən normativ hüquqi aktların mövcudluğunun olduqca vacib olduğunu qeyd edib. O, Səhiyyə Nazirliyinin karantin rejimi dövründə inzibati xətalar üzrə səlahiyyətlərinin artırılması, sanitariya-epidemioloji və karantin qaydalarına nəzarət üzrə çoxsaylı sənədlərin təsdiq olunmasının da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Səhiyyə 2020-10-29 15:00:00