×
A
A
A
Sazlamalar

Vergiödəyicilərinin ölkədən getmək hüququ nə vaxt məhdudlaşdırılır?

Bakı, 29 oktyabr, AZƏRTAC

Qanunla müəyyən edilmiş vergi və digər dövlət ödənişlərini vaxtında və tam həcmdə ödəmək hər bir vətəndaşın Konstitusiya ilə təsbit edilmiş borcudur.
AZƏRTAC xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən hüquqşünas Şəhriyar Həbilovun sözlərinə görə, dövlət büdcəsi vergilər əsasında formalaşdığından hər bir vətəndaş sosial məsuliyyət baxımından vergilərin ödənilməsində maraqlı olmalıdır: “Mülki Prosessual Məcəllənin 355-7.1-ci maddəsinə əsasən, vergiödəyicisi olan fiziki və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Bu Məcəllənin 355-7.4-cü maddəsində isə göstərilib ki, vergiödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır”.
Ş.Həbilov bildirib ki, qanunvericiliyə əsaslanaraq müəyyən edilmiş müddətdə vergi öhdəliyi vergiödəyicisi tərəfindən yerinə yetirilmədikdə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Müvafiq hüququn məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır.
Hüquqşünas əlavə edib ki, fiziki və ya hüquqi şəxsin icra orqanının rəhbəri məhkəmə iclasına gəlmədikdə də (üzrlü əsas olmadan) işə onun iştirakı olmadan baxıla və qətnamə qəbul edilə bilər. Qətnamənin dərhal icraya yönəldilməsi isə şəxsin qətnamə qəbul edilən gündən ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması ilə nəticələnir.

Maliyyə 2020-10-29 12:54:00