×
A
A
A
Sazlamalar

Azərbaycanla Rusiyanın iqtisadi tərəfdaşlığının inkişafı istiqamətləri müzakirə olunub

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi arasında videokonfrans formatında görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, onlayn görüşdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb. O, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, "Made in Azerbaijan" brendinin təşviqi və Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib, iqtisadi tərəfdaşlığın genişləndirilməsində Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin səmərəli fəaliyyətini vurğulayıb.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov ölkəmizdə uğurlu iqtisadi siyasətin həyata keçirildiyini, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatların əhəmiyyətini qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri, investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və digər məsələlər müzakirə edilib.

İqtisadiyyat 2020-10-29 11:37:00