×
A
A
A
Sazlamalar

İşğaldan azad olunan rayonlarla İranın iqtisadi əməkdaşlıq potensialı yaranıb

Tehran, 29 oktyabr, AZƏRTAC

İrana daxil olan Rusiyanın yük maşınlarına Mazandaran vilayətində sərbəst hərəkət etmək icazəsi verilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri vilayətin yol və nəqliyyat təşkilatının rəisi Abbasəli Nəcəfi deyib. O bildirib ki, Azərbaycan ərazisindən tranzit olaraq İrana daxil olan Rusiyanın yük maşınlarına yalnız Astara şəhərində hərəkət etmək icazəsi verilirdi ki, bu da vilayətin ixracının artmasına mane olurdu. Bununla yanaşı, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən iş adamlarının da nəqliyyat xərci artırdı. Rusiyaya məhsul göndərən sahibkarlar vilayətin müxtəlif rayonlarından yükü öz maşını ilə Astaraya gətirməli və burada Rusiyanın maşınına yükləməli idilər. Bu, vaxt itkisi ilə yanaşı, sahibkarların nəqliyyat xərcini artırır və məhsulun bir hissəsinin xarab olmasına səbəb olurdu.
A.Nəcəfi bildirib ki, Rusiyadan İrana daxil olan yük maşınlarına vilayətin ərazisində sərbəst hərəkət icazəsinin verilməsi Mazandaranın ixrac potensialına müsbət təsir göstərəcək.
Qeyd edək ki, Mazandaran vilayəti ildə 10 milyona yaxın kənd təsərrüfatı məhsulları ixrac edir. Nəqliyyat probleminin həlli Rusiyaya ixracın həcmini artıracaq.
İqtisadçıların hesablamasına görə, qarşıdakı illərdə təkcə Mazandaran vilayəti ilə Rusiya və digər MBD ölkələri arasındakı ticarət dövriyyəsi 850 milyard dollara çatacaq.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, yuxarıda qeyd edilən ixrac yükləri tranzit olaraq Azərbaycan ərazisindən keçəcək. Bununla yanaşı, Azərbaycanla İranın da yaxından iştirak etdiyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti ilə də ixrac–idxal əməliyyatları həyata keçiriləcək. Cənub-Şərqi Asiya ölkələri Çabahar, körfəz ölkələri isə Bəndər-Abbas limanı vasitəsilə yükləri İrana çatdıracaq, buradan isə dəmir yolu ilə Azərbaycan və Rusiyadan keçməklə Avropaya göndəriləcək. Həmin ölkələrin ixrac ilə yanaşı, idxal yükləri də əks istiqamətdə daşınacaq.
Yükdaşımaların həcminin artması Azərbaycana valyuta axınının təmin olunması deməkdir. Hindistan və Səudiyyə Ərəbistanı kimi böyük iqtisadi potensiala malik olan dövlətlərə məxsus yüklərin Azərbaycan ərazisindən daşınması rəsmi Bakı üçün təkcə iqtisadi deyil, həm də siyasi dividentlər gətirəcək. Adıçəkilən dövlətlər beynəlxalq aləmdə öz milli maraqlarına uyğun olaraq Azərbaycanın mövqeyini dəstəkləyəcək.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycanın İranla sərhəd rayonlarının erməni işğalından azad edilməsi tərəflər üçün iqtisadi əməkdaşlıq imkanları yaradır. Zəngilan və Cəbrayıl rayonları İranın Ərdəbil və Şərqi Azərbaycan vilayətləri ilə həmsərhədir. Şərqi Azərbaycan 12 milyon əhaliyə, böyük sənaye və kənd təsərrüfatı potensialına malikdır. Vilayət ərazisindəki “Araz” Azad İqtisadi Zonası Culfa, Zəngilan və Cəbrayıl rayonları ilə sərhədə yerləşir. Burada istehsal müəssisələri var ki, onlar da ixracyönümlü məhsullar istehsal edir. Bu rayonlarda infrastruktur bərpa edildikdən sonra İranın adları yuxarıda çəkilən vilayətləri də ixrac yüklərini Azərbaycan ərazisindən tranzit keçməklə Rusiya və Avropaya daşıya biləcək.
Artıq İranın bir sıra şirkətləri Azərbaycan Respublikasının işğaldan azad edilən rayonlarına sərmayə yatırmağa hazır olduqlarını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin İran prezidentinin xüsusi nümayəndəsini qəbul edərkən dediyi kimi “Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır”.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

İqtisadiyyat 2020-10-29 11:33:00