×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızla bərabər, Azərbaycan xalqının milli ruhunu da yüksəltdi

Bakı, 28 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev vurğuladığı kimi, sentyabrın 27-dən başlayaraq biz Vətən torpaqlarını işğalçılardan azad edirik, biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Hazırda hamı bir nəfər kimi Vətən müharibəsi üçün səfərbər olub, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib. Azərbaycan xalqı Vətən müharibəsinə qalxaraq işğalçı Ermənistanın işğalı altındakı torpaqları azad edir. BMT-nin qətnamələri hazırda şanlı Ordumuz tərəfindən yerinə yetirilir. Bu gün hərb, diplomatiya və informasiya sahələrində qazandığımız uğurlar dövlətimizin məqsədyönlü siyasətinin nəticəsidir. Beş ilə (1988-1993-cü illər) işğal olunmuş, təxminən 27 il ərzində güclü müdafiə istehkamları yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan Ordusunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətinin göstəricisidir. Sentyabrın 27-dən bu günə 4 şəhər, 4 qəsəbə, 165 kənd düşmən tapdağından azad edilib. İndi həmin torpaqlarda üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasında olduğunu döyüş meydanında təsdiqlədiyini qeyd edən deputat diqqətə çatdırıb: “Ermənistan torpaqlarımızı işğal etməklə və burada qanunsuz məskunlaşdırma aparmaqla elə düşünürdü ki, Azərbaycan sona qədər buna dözəcək və susub oturacaq. Amma dövlətimiz bütün istiqamətlərdə - ordu quruculuğu, diplomatiya və siyasət sahələrində öz işini görürdü. Bu gün döyüş meydanında qazandığımız nailiyyətlər güclü maddi-texniki bazaya, peşəkar kadrlara və döyüşkən əsgərlərə malik Ordumuzun sayəsində mümkün olub. Hərbi sahəyə kifayət qədər vəsait qoyulub, məhz bu günlər üçün. Bütün bunlar Prezident İlham Əliyevin müdrik siyasətinin nəticələridir”.
T.Cəfərovanın sözlərinə görə, Azərbaycan Prezidenti son illər ərzində ardıcıl fəaliyyəti ilə dünya ictimaiyyətini Qarabağın, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmağa müvəffəq oldu. Beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərini dünyaya çatdıran dövlətimizin başçısı dərin təfəkkürü, siyasi savadı, məntiqi ilə hadisələrin necə baş verdiyini və hansı tərəfin haqlı olduğunu göstərdi.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünyaya çatdırarkən fikirlərini tarixi faktlara əsaslandırması beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Məsələn, Kürəkçay sülh müqaviləsindən danışan dövlətimizin başçısı diqqətə çatdırır ki, bu anlaşmada erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Burada məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq və yeni reallıq yaratmaq idi.
Minsk qrupunun fəaliyyətinə toxunan deputat deyib: “Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri vəzifələrini regiona nəticəsiz səfərlərdə görür, əsas məsuliyyəti tərəflərin özlərinin üzərinə qoyur. Dövlətimizin başçısı da qeyd etdiyi kimi, Minsk qrupu işğalçıya təzyiq etməyib, ya da etmək də istəməyib. Minsk qrupunun həmsədri olan üç ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi. Çünki Minsk qrupunun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Qanunsuz məskunlaşdırma beynəlxalq cinayətdir və Cenevrə konvensiyalarına ziddir. Minsk qrupu isə Ermənistanın qanunsuz məskunlaşma aparmasına nəinki etiraz etmədi, heç səsini də çıxarmadı. Cinayətə susmaq isə torpaqlarımızın erməniləşdirilməsinə, Azərbaycanın mədəni irsinin silinməsinə yönəlmişdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir”.
Tamam Cəfərova bildirib ki, xalq olaraq biz həm döyüş meydanında, həm də siyasi müstəvidə özümüzü təsdiqləmişik. Bütün dünya Azərbaycanın gücünü, qüdrətini, həmrəyliyini gördü. Vətən müharibəsi qələbəyə qədər davam edəcək. Prezident İlham Əliyev bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində üçrəngli bayrağımızla bərabər, Azərbaycan xalqının milli ruhunu, qürurunu da yüksəltdi. Müzəffər Ali Baş Komandan rəhbərlik etdiyi Ordusunun gücünü dünyaya nümayiş etdirdi, yüksək səviyyəli müsahibələri ilə Azərbaycanın beynəlxalq imicini daha da yüksəltdi. Biz düşməni torpaqlarımızdan sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Cəmiyyət 2020-10-28 17:08:00