×
A
A
A
Sazlamalar

Düşmən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir – Ağdamdan reportaj

Ağdam, 28 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Nəticədə kənd və qəsəbələrdə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ciddi ziyan dəyir.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, düşmənin ən çox hədəfə aldığı yaşayış məntəqələrindən biri də Çıraqlı kəndidir. Erməni hərbçilərinin atəşi nəticəsində sentyabrın 27-dən indiyədək kənddə ümumilikdə 2 ev yanıb, 3 ev dağılıb, 10-dan artıq evə ziyan dəyib, 10 baş xırdabuynuzlu, 2 baş iribuynuzlu heyvan tələf olub. Düşmən ötən gün də humanitar atəşkəsi pozaraq kəndi artilleriya atəşinə tutub, nəticədə bir ev dağılıb.
Kənd sakini Fəxri Məmmədov müxbirimizlə söhbət zamanı bildirib ki, ordumuz qarşısında aciz qalan düşmən yaşayış məntəqələrini, mülki şəxsləri artilleriya atəşinə tutur: “Onların məqsədi camaata ziyan vurmaq, yaşayış evlərini, infrastrukturu dağıtmaqdır. Bir neçə gün əvvəl mən avtomobilimlə gedərkən atəşə məruz qaldım. Mərmilər yaxınlığıma düşüb partlasa da, xoşbəxtlikdən xəsarət almadım. Lakin düşmənin insanlığa sığmayan bu əməlləri biz sakinləri qorxutmur. Ordumuza güvənir, onun arxasında dayanmışıq".
Qeyd edək ki, Çıraqlı kəndi Ağdam rayonunun təmas xəttinə ən yaxın məsafədə yerləşən yaşayış məntəqələrindəndir. Ermənistan silahlı birləşmələri 1994-cü ildə kəndi işğal etsə də, Azərbaycan Ordusu tərəfindən azad olunub. Təmas xəttinin bir neçə yüz metrliyində yerləşən bu kənd daim atəşə məruz qalsa da, düşmən qarşısında məğrur dayanıb.

Regionlar 2020-10-28 15:53:00