×
A
A
A
Sazlamalar

Baş Prokurorluq: Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 14-ə çatıb

Bakı, 28 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan ordusunun Bərdə şəhərini raket atəşinə tutması ilə bağlı yeni məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi nəticəsində 14 mülki şəxs həlak olub, 40-dan çox şəxs xəsarət alıb. Şəhərdə mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

Cəmiyyət 2020-10-28 14:38:00