×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universitetinin fəxrləri silsiləsindən: akademik Cəmil Quliyev

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) bu ali məktəbin, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılarını davam etdirir. Yazıların qəhrəmanları isə ürəyi Vətən üçün alışıb-yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir. Növbəti yazı 1989-1990-cı illərdə universitetin rektoru olmuş akademik Cəmil Quliyevlə bağlıdır.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, akademik Cəmil Quliyev 1927-ci il dekabrın 16-da Ağdamda anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə qəbul olub, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, orada aspiranturada saxlanılıb.
C.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilib. 1952-ci ildən BDU-da müəllim, dosent, 1958-1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləyib. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə edərək professor adını alıb. Həmin ildən Azərbaycan Elmlər Akademiyasında fəaliyyətə başlayıb. Akademiyanın Tarix İnstitutunun direktoru (1972-1978), vitse-prezidenti (1976-1990), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru (1975-1988), Bakı Dövlət Universitetinin rektoru (1989-1990) olub. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü seçilib. 1976-1991-ci və 1997-2007-ci illərdə AMEA Rəyasət Heyətinin üzvü olub.
Cəmil Quliyev bir neçə monoqrafiyanın, 300-dən çox məqalənin müəllifidir. Yeddi cildlik “Azərbaycan tarixi”nin nəşrinə rəhbərlik edib, onun redaktorluğu ilə “Naxçıvan ensiklopediyası” (Bakı, 2002) çapdan çıxıb. Akademik beynəlxalq forumlarda Azərbaycan elmini dəfələrlə təmsil edib, bir sıra hökumət və ictimai təşkilatların rəhbər orqanlarının üzvü olub. “Əməkdar elm xadimi” fəxri adına və Dövlət mükafatına layiq görülüb. 1997-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. Akademik 2010-cu il dekabrın 27-də vəfat edib.
Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi, rəşadətli Azərbaycan Ordusunun üçrəngli bayrağımızı Cəmil Quliyevin dünyaya göz açdığı Ağdam şəhərində ən hündür nöqtəyə sancacağı gün uzaqda deyil!

Elm və təhsil 2020-10-28 14:32:00