×
A
A
A
Sazlamalar

Erməni vəhşiliyi - qəbiristanlıqlar artilleriya atəşinə məruz qalır FOTO

Ağdam, 28 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı terror və vandalizm əməllərini davam etdirərək yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Düşmənin atəşi nəticəsində yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altında olan ərazilərimizdəki tarixi-dini abidələri məhv edən ermənilər dədə-baba torpaqlarımzdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, cəbhə xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində vətəndaşlara məxsus evlər, mülki infrastruktur obyektləri ilə yanaşı, qəbiristanlıqlar da ermənilərin artilleriya atəşinə məruz qalır. Düşmənin hədəfə aldığı Ağdam rayonu ərazisindəki kənd qəbiristanlıqlarında da onlarla qəbir daşları dağılıb və ya zədələnib.
Rayon sakini Mirzə Cəfərov dağılan qəbir daşlarını göstərərək deyib: "Hər zaman olduğu kimi, ermənilər öz vəhşiliklərini davam etdirirlər. Hara baxırsansa, bu vəhşiliyin izlərini görürsən. Dinc sakinlərə məxsus evlər dağıdılır, yandırılır, mülki şəxslər, o cümlədən qadınlar, uşaqlar qətlə yetirilir, yaralanır. Düşmən hətta dünyadan köçmüşlərimizi də rahat buraxmır. Qəbiristanlıqlar da atəşə tutulur, qəbir daşları dağıdılır. Görürsünüz, təkcə bizim kəndin qəbiristanlığında 10-dan çox qəbir dağıdılıb. Bütün bunlar erməni barbarlığının göstəricisidir".

Regionlar 2020-10-28 12:47:00