×
A
A
A
Sazlamalar

Nüfuzlu “National Herald Tribune” Azərbaycanı regional lider adlandırıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Nüfuzlu “National Herald Tribune” nəşri “Azərbaycan regionun geopolitik və geoiqtisadi mənzərəsini yenidən şəkilləndirir” mövzusunda analitik məqaləni dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlıdır. O yazıb ki, Azərbaycanın regional liderliyi son 15 ildə iqtisadiyyatını 3 dəfədən çox böyütməsi və regional neft-qaz və nəqliyyat-logistika layihələrini gerçəkləşdirməsilə sübut olunub. Kissincerin “neftə nəzarət etməklə dövlətlərə, ərzağa nəzarət etməklə insanlara nəzarət mümkündür” sitatına uyğun olaraq Azərbaycan regionun geopolitikası və geoiqtisadiyyatını şəkilləndirərkən yekun bir ştrixə ehtiyac duyurdu. Əhalisinə görə dünyada 90-cı və ərazisinə görə 114-cü ölkə olan Azərbaycan nüfuzlu “US News”un hesabatına görə, dünyada 45-ci gücə çevrilməyi bacarıb. Azərbaycanın regional oyunçu statusunda iqtisadi və siyasi üstünlüyünü hərbi potensialının təsdiqi və ərazi bütövlüyünün bərpası tamamlamalıydı ki, ölkə regional liderliyini tam təsbit etsin. Son 10 ildə Azərbaycanın hərbi büdcəsi ÜDM-in 4 faizi və dövlət büdcəsinin 11 faizi həddində olub. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində düşmənin 30 ilə yaratdığı müdafiə səddi yarılıb və 1988-1993-cü illərdə işğalına illər sərf edilmiş Azərbaycan torpaqları həftələr ərzində azad edilməyə başlayıb.
Azərbaycanın Cənubi Qafqazda gücün bütün parametrləri – iqtisadi, siyasi və hərbi cəhətdən önə çıxması regionun geopolitikasını və geoiqtisadiyyatını yenidən şəkilləndirir. Azərbaycan regionun geopolitik mənzərəsini dəyişmək üçün quru, su və hava üstünlüyünə malikdir.
“National Herald Tribune” sonda qeyd edir ki, Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi islahatların daha da dərinləşdirilməsi üçün əsasları gücləndirəcək.

İqtisadiyyat 2020-10-28 12:49:00