×
A
A
A
Sazlamalar

Laçının, Şuşanın, Xankəndinin işğaldan azad edildiyi gün bizim tarixi zəfər günümüz olacaq

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

Hər gün aldığımız qələbə xəbərləri xalqımızı sevincə qərq edir, ruh yüksəkliyimizi, mübarizə əzmimizi daha da artırır. Bu gün Azərbaycan qadını Vətənə sadiq övladlar tərbiyə edib böyütdüyünə görə fəxr edir. Bu gün işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi naminə Ana övladını Vətənə qurban deyir. Bu gün xalqımız öz fədakarlığını, yurdumuza, Vətənimizə, ordumuza olan sevgisini hər addımda nümayiş etdirir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova deyib.
O bildirib ki, bu gün Qarabağ uğrunda döyüşlərdə şücaət göstərən oğullar qədim tarixə malik Vətənin, mübarizələr meydanından şərəflə çıxan xalqın, Qazan xanın, Babəkin, Koroğlunun, Qaçaq Nəbinin övladlarıdır. Hansı ki onlar dastanlaşan qəhrəmanlardır. Qazan xan elini, obasını xilas edərkən öz hünəri, gücü ilə düşmən qarşısına tək çıxmışdı. Koroğlu yerli və xarici feodallara qarşı təkbaşına mübarizəyə qalxmışdı. Qaçaq Nəbi zülmə, azğınlığa qarşı tək canı ilə, mübariz ruhunun arxasınca tək addımlamağa başlamışdı. İstər Qazan xanın igidləri, istər Koroğlunun dəliləri, istərsə də Qaçaq Nəbinin qoçaq silahdaşları xalq içərisindən çıxaraq zülmə qarşı mübarizə meydanında yumruq kimi birləşmişdilər. Bu gün Azərbaycan xalqı da müqəddəs torpaqlarımızı mənfur düşmənin tapdağından xilas etmək üçün yumruq kimi birləşərək tarixi ədaləti bərpa etmək üçün var gücünü əsirgəmir.
“Qüdrətli Azərbaycan Ordusu ötən bir ayda düşmənə ağır zərbələr vurdu, şəhərlərimiz, kəndlərimiz düşmən tapdağından azad olundu. Ermənistan ordusuna məxsus yüzlərlə silah məhv edildi. Təəccüblü olan budur ki, ermənilərin hu qədər tankı, topu, hərbi texnikaları, raket sistemləri məhv edilsə də sanki tükənmir. Dilənçi bir ölkə bu qədər silah-sursatı necə əldə edib? Onlara təmənnasız olaraq bu qədər silah-sursatı kim və nəyə görə verib? Nəyə görə beynəlxalq strukturlar buna nəzarət etməyib? Əminəm ki, Azərbaycan bu məsələni mütləq qaldıracaq və müvafiq faktları təqdim edəcək. Bu gün xalqımız bu sualların cavabını səbirsizliklə gözləyir”, - deyən Aytən Cəfərova qeyd edib ki, müqəddəs məkan – Azərbaycanın dilbər guşəsi Şuşamızın düşmən işğalında qalması hər kəsi narahat edir. Hələ illər əvvəl xalqımızın Şuşa sevgisini dilə gətirən şair Cəfər Cəfərov ağrı-acısını “Çağırış” şeirində misralara köçürmüşdü:
Daş-daşa sıxılsın, torpaq-torpağa,
Qeyrət silah çəkib dursun ayağa,
Satqın kafirlərlə yastıbaş dığa,
Bu yerdən sağ-aman getməsin gərək.

“Bir qana yüz qan” da azdı deyərdim,
Min kafir ölərsə, yüzdü deyərdim,
Məndən soruşsalar, düzdü, - deyərdim,
“Qana-qan!” vədəsi ötməsin gərək.

Şuşada erməni sayır ulduzu!
Hanı Cıdır düzü, hanı Xan qızı?
Pənah xan qəbirdən səsləyir bizi
“İgidlər, adımız batmasın gərək!”
“Bəli, bu gün düşmən öz layiqli cəzasını almaqdadır. Azərbaycan Ordusu ərazi bütövlüyümüz uğrunda aparılan uğurlu döyüşlərdə adını tarixə qızıl hərflərlə yazır. Bu gün hər kəs Qələbə xəbərini gözləyir. Laçının, Şuşanın, Xankəndinin işğaldan azad edildiyi gün bizim tarixi zəfər günümüz olacaq”, - deyə o qeyd edib.

Regionlar 2020-10-28 12:34:00