×
A
A
A
Sazlamalar

Sumqayıt məktəbliləri Azərbaycanda və Çində çəkilən animasiyalar barədə məlumatlandırılıb

Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Sumqayıt məktəbliləri üçün Beynəlxalq Animasiya Günü və Çinin “İki doqquzluq bayramı”na həsr olunmuş “Balaca vətənpərvərlər – Azərbaycanın böyük qurucuları” adlı onlayn tədbir keçirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun mütəxəssisi Nigar Qocayeva Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin şagirdlərinə ənənəvi Çin payızına həsr edilən “İki doqquzluq bayramı” haqqında ətraflı məlumat verib. O, Xan sülaləsinin imperatoru Lyu Banın uzunömürlülük əldə etmək üçün ay təqviminin doqquzuncu ayının doqquzuncu günündə əyninə zoğal ağacının budaqlarını geyinmək və xrizantem şərabı içmək adətini gündəmə gətirməsi ilə bağlı bayramın yaranması haqqında əfsanədən bəhs edib. Həmçinin bayramın ənənələri, fəlakətlərdən xilas olmaq və xoşbəxt ömür sürmək üçün dua edərək dağaqalxma mərasimi, düyü unundan hazırlanaraq ərik çəyirdəkləri, xurma, qoz-fındıq və kişmişlə bəzədilmiş bayram şirniyyatları haqqında danışıb.
Şərqi Çin Pedaqoji Universitetinin magistrantı Samirə Məmmədova Beynəlxalq Animasiya Gününün tarixindən danışıb, şagirdlərə Azərbaycanda və Çində çəkilən animasiyaların fərqli və oxşar cəhətləri və Çin “Mulan” cizgi filmi haqqında məlumat verib.
ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunması üçün cizgi filmlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi, mülki əhalini atəşə tutması nəticəsində 40-a yaxın məktəbin dağıdılmasını, 8 məktəblinin həlak olmasını, 16 məktəblinin isə yaralanmasını təəssüf hissi ilə qeyd edib.
Sonda şagirdlər “Mulan” və “Dədə Qorqud” cizgi filmlərini izləyiblər.

Elm və təhsil 2020-10-28 12:29:00