×
A
A
A
Sazlamalar

Lerikli ağsaqqal: Ordumuzun müharibədə qazandığı qələbələr Müzəffər Ali Baş Komandanın uğurlu siyasətinin nəticəsidir

Lerik, 28 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı artıq bir aydır ki, uğurla davam edir. Bu müddət ərzində bütün dünya Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, xalqımızın birliyinin, Ordumuzun qüdrətinin şahidi oldu. Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərin bir hissəsi bir ay ərzində düşməndən azad edildi.
Bu sözləri Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibəsində bildirib.
Şanlı Azərbaycan Ordusunun müharibədə qazandığı uğurların, qələbələrin Müzəffər Ali Baş Komandanın uzaqgörən, uğurlu siyasətinin nəticəsi olduğunu vurğulayan lerikli ağsaqqal, terrorçu ermənilərin ordumuzun qazandığı uğurlarla barışmamaq məqsədilə müxtəlif təxribatlara əl atdığını, mülki şəxslərə atəş açdığını diqqətə çatdırıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyev otuz gündə otuz ildə bizi başa düşməyənlərə çox şeyi başa saldı. BMT-nin Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrasına özü başladı, çünki dünya bu qətnamələrin icrasında maraqlı deyildi, çünki Ermənistan xristian ölkəsidir. Dövlətimizin başçısının çıxışlarından birində söylədiyi kimi, “Bizim günahımız odur ki, biz müsəlmanıq...”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin ikinci Qarabağ müharibəsi ilə bağlı dünyanın müxtəlif televiziya kanallarına, informasiya agentliklərinə verdiyi müsahibələrin dövlətimizin hərbi sahədə olduğu kimi, diplomatik sahədə də uğurlarının nümayişinə çevrildiyini söyləyən E.Qənbərov ATƏT-in Minsk qrupunun həmsədrlərinin birtərəfli mövqeyinin, 30 ilə yaxın bir dövrdə münaqişənin nizamlanması sahəsində heç bir iş görməməsinin bu qurumun lazımsız bir qurum olduğunu təsdiq etdiyini bildirib.
Elxan Qənbərov daha sonra deyib: “Biz, Lerik rayonunun ağsaqqalları Prezidentimizin inamlı siyasətinə, şanlı ordumuzun döyüş qabiliyyətinə, ruh yüksəkliyinə inanır və Qələbəmizin uzaqda olmamasına, üçrəngli bayrağımızın Xankəndində, Şuşada, Qarabağın digər yaşayış məntəqələrində dalğalanacağı günü səbirsizliklə gözləyirik. Artıq dünya birliyi haqqın kimin tərəfində olduğunu başa düşməyə başlayıb. Erməni rəhbərlərinin Qarabağ savaşında diplomatik yolun olmadığını deməklə, öz vətəndaşlarının “özünü müdafiə” dəstələrinin yaradılmasına çağırış etməsi suda boğulanın saman çöpündən yapışmasına bənzəyir. Ermənilər savaşda öz döyüş sursatlarını, texnikasını, hətta papaqlarını qoyub qaçırlar. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”

Regionlar 2020-10-28 12:26:00