Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Əmirvarlı kəndindən olan Quliyevlər ailəsi övladlarına ata yurdlarında toy etmək arzusundadır FOTO VİDEO

Biləsuvar, 28 oktyabr, A.Yavər, AZƏRTAC

Biləsuvar rayonu ərazisində yerləşən məcburi köçkün qəsəbəsində məskunlaşan Cəbrayılın Əmirvarlı kəndinin sakinləri doğma yurdlarının azad edilməsinin sevincini yaşayırlar.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, düşmən təxribatının qarşısının alınması məqsədilə şanlı ordumuzun başlatdığı zəfər yürüşü zamanı azad edilən Cəbrayılın kəndlərindən biri də Əmirvarlıdır. Kənddən olan ailələrin ümid və inamla gözlədikləri bir-birindən fərqli arzular var. Bir an öncə doğma kəndlərinə qayıtmağı gözləyən Quliyevlər ailəsinin arzusu öz doğma el-obalarında toy şənliyi etməkdir.
Əmirvarlı kənd sakini Nazilə Quliyeva deyir ki, 27 illik kədər göz yaşları sevinc göz yaşları ilə əvəz olunub: “Kəndimizin azad edilməsini eşitmək bizim üçün ən böyük hədiyyədir. İndi səbirsizliklə o torpaqlara qayıtmağı gözləyirik. Kəndimizin azad olunması xəbərini eşidəndə sanki yenidən dünyaya gəldim. Bizim o kənddə acılı-şirinli xatirələrimiz olub. Erməni faşistləri bizi doğma yurdumuzdan didərgin saldı. Buna baxmayaraq, hər zaman ümidim var idi ki, o torpağa qayıdacağıq. Bir arzum var ki, övladımın toy şənliyini ata-baba yurdumda edim. Bu istəyimiz artıq gerçəkləşir”.
Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb və bir çox yaşayış məntəqələrimiz yağı düşməndən azad olunub. Bu yaşayış məntəqələrindən biri də, oktyabrın 19-da azad olunan Cəbrayılın Əmirvarlı kəndidir.

Kənd təsərrüfatı 2020-10-28 11:43:00

Video