×
A
A
A
Sazlamalar

İngiloy ziyalısı: Bu haqq mübarizəsində hər zaman Azərbaycan xalqının yanındayıq

Zaqatala, 28 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şanlı Azərbaycan Ordusunun Qarabağ cəbhəsində qazandığı qələbələr hamımızı qürurlandırır. Zaqatalada yaşayan digər azsaylı xalqların nümayəndələri kimi, biz ingiloylar da bu haqq işində Azərbaycan xalqının yanındayıq və bir vətəndaş olaraq hər an döyüşə atılmağa, üzərimizə düşən vətəndaşlıq borcunu şərəflə yerinə yetirməyə hazırıq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında İngiloy xalqının nümayəndəsi, Zaqatala rayonu Əliabad qəsəbəsi 2 saylı tam orta məktəbin direktoru Tərlan Rəcəbov söyləyib.
Erməni işğalı altında olan Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda 30 ilə yaxındır ki, davam edən mübarizədə ingiloyların da yaxından iştirak etdiyini, şəhidlər verdiyini vurğulayan rayon ziyalısı deyib: “Hazırda Qarabağ uğrunda gedən döyüşlərdə qəsəbəmizin ingiloy könüllüləri də qəhrəmanlıqla vuruşurlar. Bu, belə də olmalıdır. İngiloylar neçə əsrlərdir ki, bu torpaqda yaşayırlar. Azərbaycan bizim də doğma Vətənimizdir. Biz əzəli torpaqlarımızın düşməndən azad edilməsi, şəhidlərimizin qisasının alınması üçün sonadək mübarizə aparmağa, lazım gələrsə, canımızdan belə keçməyə hazırıq. İnanırıq ki, işğal altında olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tezliklə erməni faşistlərindən azad olunacaq, ölkəmizin ərazi bütövlüyü tam təmin olunacaq. Üçrəngli bayrağımız Xankəndidə, Şuşada, doğma Qarabağımızın digər şəhər və kəndlərində dalğalanacaq. Azərbaycanın Şanlı Ordusuna eşq olsun!”

 

Regionlar 2020-10-28 11:47:00