×
A
A
A
Sazlamalar

Saatlıda tədarük olunan pambığın 26 min tondan çoxu kombaynlarla toplanılıb

Saatlı, 28 oktyabr, Mahir Babayev, AZƏRTAC 

Saatlıda pambıq yığımı sürətlə davam edir. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox – 41 min 813 ton məhsul istehsal edən rayonun “ağ qızıl” ustaları bu il də yığımda öndə gedirlər. Hər gün sahələrdən 900-950 ton məhsul yığılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 2950 istehsalçı dörd şirkətlə müqavilə bağlayaraq 14 min 141 hektar sahədə pambıq əkib. Məhsul istehsalçılarına göstərilən hərtərəfli kömək və bitkinin becərilməsində aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Məhsul toplanışına vaxtında başlayan pambıqçılar indiyədək sahələrdən 33 min 155 ton pambıq yığıblar. Tədarük olunan pambığın 26 min 914 tondan çoxu maşınların köməyi ilə toplanıb. Yığılmış məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub.
Saatlıda pambıq əkini ilə məşğul olan qabaqcıl fermerlər çoxdur. Uzun illər pambıq əkini ilə məşğul olan, qabaqcıl pambıqçı Ələsgər Əhmədov hər il yüksək məhsuldarlığa nail olur. Sahibkar ötən il becərdiyi pambıq sahəsinin hər hektarından 40 sentner məhsul götürüb. Onun sahəsində bu il də pambıq çoxdur. Fermer əkdiyi 15 hektar sahədən indiyədək 49 ton məhsul götürüb.
“Yığım apardığım sahənin hər hektarından 30 sentnerdən çox məhsul götürmüşəm. Hələ sahəmdə pambıq çoxdur. Bu mövsüm plantasiyadan 64-70 tona yaxın pambıq götürəcəyimə əminəm. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək bu sahə ilə məşğul olan fermerlərin pambıq əkininə olan marağını daha da artırıb, onlarda ruh yüksəkliyi yaradıb. Göstərilən hərtərəfli qayğıdan həvəslənən əkinçilər hər il sahələrini daha da genişləndirirlər”, – deyə fermer bildirib.

Kənd təsərrüfatı 2020-10-28 11:24:00