×
A
A
A
Sazlamalar

Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr edilmiş xüsusi buraxılış çap olunub

Bakı, 28 oktyabr, AZƏRTAC 

“Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş xüsusi buraxılışı nəşr edilib.
AZƏRTAC xəbər verir ki, xüsusi buraxılışda ilk dəfə olaraq iki qardaş ölkənin ədəbi-mədəni əlaqələri hərtərəfli şəkildə tədqiqata cəlb olunub. Topluda Azərbaycanda özbək ədəbiyyatının tədqiqi ilə məşğul olan istər sovet dövrü, istərsə də müstəqillik dövrü alimlərinin əsərlərindən nümunələr yer alıb. Qırx dörd məqalədən ibarət olan bu sayda əksər müəlliflər Azərbaycan alimləri olsalar da, özbəkistanlı müəlliflər və başqa tədqiqatçıların da məqalələrinə rast gəlinir.
Jurnal akademik İsa Həbibbəylinin “Ədəbiyyatdan - əbədiyyətə” məqaləsi ilə açılır. Ardınca Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Özbəkistan görüşləri: ənənələr və vəzifələr” və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun “Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rolu” məqalələri yer alıb.
Həmçinin “Əlişir Nəvai və Azərbaycan”, “Qafur Qulam və Azərbaycan”, “Cəlil Məmmədquluzadə və özbək ədəbiyyatı”, “Xəlil Rza Ulutürk və özbək ədəbiyyatı” məqalələri də topluya daxil edilib.
Toplunun bölmələri bunlardır: “Ustad Əlişir Nəvai və Babur”, “Müqayisəli ədəbiyyatşünaslıq - ədəbi əlaqələr”, “Əmir Teymur Ədəbiyyatda”, “Yeni özbək ədəbiyyatı: Azərbaycandan baxış”, “Ədəbiyyatşünaslıq”, “Bədii tərcümə məsələləri”. Bundan başqa, “Qardaşlıq duyğuları” bölümündə hər iki xalqın şairlərinə məxsus şeirlər, “Fotolarda yaşayan qardaşlıq” bölümündə isə birgə əməkdaşlığı əks etdirən şəkillər verilib.

Elm və təhsil 2020-10-28 11:13:00