×
A
A
A
Sazlamalar

Kimya fənni üzrə qəbul imtahanında istifadə edilmiş tapşırıqlar elmi-metodik baxımdan təhlil olunub

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclasda avqustun 20-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - I ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqlar elmi-metodik baxımdan təhlil olunub.
Hər tapşırığın aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt-standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verilib. İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər.
Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu təsdiqini tapıb. Tapşırıqlarla abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirmək mümkün olub. Bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.
Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.
Növbəti iclasda (noyabrın 3-də) avqustun 21-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - I ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodik baxımdan təhlili aparılacaq.

Elm və təhsil 2020-10-27 17:20:00