×
A
A
A
Sazlamalar

Pandemiya ilə bağlı məsuliyyətimiz dəfələrlə artıq olmalıdır, cəbhədə döyüşən əsgər-zabit heyətini düşünməliyik

Bakı, 27 oktyabr, AZƏRTAC

Son günlər koronavirusa yoluxma hallarında artım müşahidə olunur, hətta antirekord da qeydə alınıb. Oktyabrın 25-də qeydə alınan 946 yoluxma faktı indiyədək müşahidə etdiyimiz ən yüksək gündəlik yoluxma sayıdır. Son bir ay ərzində həftələr üzrə statistikaya baxsaq, görərik ki, sentyabrın 28-dən oktyabrın 4-dək 668, oktyabrın 5-dən 11-dək 1291, oktyabrın 12-dən 18-dək 2982 və oktyabrın 19-dan 25-dək 4995 yeni yoluxma halı müşahidə olunub. Ölüm sayı da artıb. Belə ki, xəstəlikdən həftə ərzində müvafiq olaraq, 10, 13, 17 və 45 nəfər həyatını itirib. Son 15 gün ərzində aktiv xəstə sayı təxminən dörd dəfə artıb. Rəqəmlər vəziyyətin ciddiliyini bir daha göstərir.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
“Koronavirus xəstəliyi 80 faizdən çox hallarda yüngül simptomlarla keçir, onun spesifik müalicəsi yoxdur. Xəstəliyi orta ağır və ağır keçirənlərə dəstək müalicəsi tətbiq olunur. Digərləri isə müalicə olunmadan belə sağala bilər. Belə ki, xəstəlik gənclərdə, uşaqlarda, xroniki xəstəliyi olmayanlarda, risk qrupundan kənarda qalanlarda öz-özünə sağalıb keçə bilər. Yanaşı xəstəliyi, xroniki xəstəliyi olanlar, risk qrupuna aid edilənlər, yaşlılar, immunsupressiv xəstələr koronavirusu daha ağır keçirirlər. Ölüm statistikasında da bu meyarlar üstünlük təşkil edir. Lakin COVID-19-dan həyatını itirənlər arasında öz-özünə müalicə alan, xəstəxanaya gec müraciət edən şəxslər də az deyil. İnsanlar arasında bəzən yanlış fikirlər yaranır, əlamətləri müşahidə etsələr də soyuqdəymə, soyuq su içmə ilə əlaqələndirir, koronavirusa yoluxduğunu ağıllarından belə keçirmək istəmirlər. Bu səbəbdən gecikmələr müşahidə olunur. Yalnız iş-işdən keçdikdən, xəstənin vəziyyəti ağırlaşdıqdan və evdəki müalicələr öz təsirini göstərmədikdən sonra onlar xəstəxanaya müraciət edirlər. Bizim onlara edə biləcəyimiz yardım müəyyən imkanlar çərçivəsindədir. Buna görə də bəzən görülən tədbirlər fayda vermir”, - deyə N.Mustafayeva qeyd edib.
Onun sözlərinə görə, koronavirusa yoluxanlarda əksər hallarda qızdırma, öskürək, təngnəfəslik, dadbilmə, iybilmənin itirilməsi müşahidə olunur. Lakin bunlar on minlərlə xəstənin ümumiləşdirilmiş bir simptomlarıdır. İshal belə bu xəstəliyin əlaməti ola bilər: “Bu, o demək deyil ki, testləri pozitiv çıxan xəstələrin hamısında həmin simptomlar müşahidə olunacaq. Qızdırması qeydə alınmayan, lakin koronavirus keçirib sağalan xəstələr var. Buna görə də hazırda səhhətimizlə bağlı istənilən dəyişiklik məsuliyyətimizi artırmalıdır. Adi günlərdən fərqli hiss olunan əlamətlər, yəni iştahasızlıq, əzələ, boyun, baş ağrıları, halsızlıq, yuxuya meyillilik kimi simptomlar da qeydə alınanda maska taxıb, izolyasiya olunmaq lazımdır. Bununla yanaşı, bir gün müşahidə aparmalı və yoxlanmağa cəhd göstərməliyik ki, ətrafımızı da yoluxdurmayaq. Ola bilər ki, həmin əlamətlərlə xəstəlik keçib gedəcək. Lakin başqalarını, risk qrupunda olan əzizlərimizi yoluxdura bilərik. Heç bir şikayəti olmayan profilaktik məqsədlərlə yoxlanan şəxslərdə belə test nəticəsi pozitiv çıxanlar olur. Bu hal daha çox beynəlxalq uçuşlar zamanı qeydə alınır. Həmin şəxslər evdə müalicə alırlar. Şikayətlərə, laborator analizlərə, instrumental diaqnostika metodlarına əsasən müalicə təyin olunur. Hər kəs üçün bu fərdidir. Hətta xəstəlik eyni simptomatika ilə keçsə belə, burada yaş amili, yanaşı xəstəliklər nəzərə alınır və müalicə dəyişə bilər. Standart müalicə müəyyən vitamin qruplarının təyini, o cümlədən tövsiyə xarakterli ola bilər”.
Həkim-infeksionist vətəndaşları məsuliyyətli və diqqətli olmağa, qaydalara əməl etməyə çağırıb: “Xüsusilə hazırkı dövrdə məsuliyyətimiz dəfələrlə artıq olmalıdır. Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda mübarizəmiz davam edir, cəbhədə döyüşən əsgər-zabit heyətini düşünməliyik. Onların belə fədakarlığı qarşısında qorunma tədbirlərimizi çox görməməliyik. Yoluxma belə artmağa doğru getdikcə səhiyyə işçilərimizin diqqəti yenidən koronavirusa yönəlir, xəstəxanalar dolmağa başlayır, hərbçilər arasında yoluxma ehtimalı yüksəlir. Hazırkı şəraitdə bunlar ölkəmiz üçün ən arzuolunmaz haldır. Ona görə də hər kəsi kütləvi toplanma yerlərindən uzaq olmağa, buna məcbur olduqda maska taxmağa, sosial məsafə saxlamağa və əl gigiyenasına əməl etməyə səsləyirəm”.

Səhiyyə 2020-10-27 17:13:00