×
A
A
A
Sazlamalar

Dövlət Neft Fondunun ABŞ dolları portfelinin 14,4 faizi qızıl investisiyalarıdır

Bakı, 27 oktyabr, AZƏRTAC

Cari il sentyabrın 30-na ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 68,4 faizini, avro 20,5 faizini, funt sterlinq 5,1 faizini, Avstraliya dolları 0,6 faizini, Türkiyə lirəsi 0,6 faizini, Rusiya rublu 0,5 faizini, Çin yuanı 1,2 faizini, Yaponiya yeni 1,5 faizini, digər valyutalar isə 1,6 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2020-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.
Hesabata görə, ABŞ dolları portfelinin 6 milyard 186,3 milyon dollarlıq hissəsini (14,4 faiz) qızıl investisiyaları təşkil edib.
Həmçinin ARDNF-in investisiya portfelinin 293,03 milyon dollarlıq hissəsi Azərbaycan manatıdır.
Qeyd edək ki, sentyabrın 30-na fondun aktivləri cari ilin əvvəlinə (43 milyard 323,3 milyon ABŞ dolları) nisbətən 0,08 faiz azalaraq 43 milyard 288,6 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin azalmasına səbəb koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-in büdcə xərclərinin büdcə gəlirlərini üstələməsi olub.

Neft - qaz 2020-10-27 12:41:00