×
A
A
A
Sazlamalar

Vüqar Hüseynov: Azad olunmuş ərazilərimizdə aqrar sektorun bərpası kənd təsərrüfatının daha da inkişafı üçün real zəmin yaradacaq

Bakı, 27 oktyabr, C.Rüstəmov, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının əsas istiqamətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Twitter” səhifəsindəki paylaşımında öz əkisini tapıb. Bunun üçün Ermənistanın Azərbaycana qarşı on illərdir yürütdüyü ekoloji terror siyasətinin nəticələri aradan qaldırılmalı, su anbarlarındakı su təbii axarlara yönləndirilməklə əkin sahələri təsərrüfat suyu ilə təmin olunmalı, torpaqlar yenidən həyata qaytarılmalı, yəni, uzun illərdir əkilməyən xam torpaqlarda yerli təbii-iqlim şəraitinə uyğun əkin aparılmalıdır. Bu baxımdan kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılması nəzərdə tutulur.
Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bildirib ki, planlaşdırma, ilk növbədə, azad edilmiş rayonlarda işğaldan əvvəlki dövrdə populyar olan kənd təsərrüfatı sahələrinin inkişafına hesablanıb. Dağlıq Qarabağ və ətrafdakı rayonlarda hələ sovetlər dövründə üzümçülük, taxılçılıq, pambıqçılıq, tütünçülük, heyvandarlıq çox inkişaf edib. Təkcə dağlıq ərazilərdə yerləşən Kəlbəcər, Laçın, Qubadlı rayonlarında heyvandarlığın yenidən inkişaf etdirilməsi üçün kifayət qədər böyük potensial var. Eyni qaydada üzümçülük ənənələri geniş olan digər rayonlarımızda aqrar sahənin bu istiqamətinin inkişaf etdirilməsi mümkündür.
Onun sözlərinə görə, hələ işğaldan əvvəl həmin ərazilərdə ciddi aqrar-sənaye infrastrukturu olub. Bu infrastrukturun bərpası həm kənd təsərrüfatı məhsullarının emalına imkan verəcək, həm məşğulluğun artmasına təsir göstərəcək, həm də ölkənin ixrac potensialını artırmış olacaq. Azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı təbii ki, mərhələli şəkildə həyata keçiriləcək. Əsas odur ki, bunun üçün ciddi potensial və dövlət dəstəyi var. Ortada Cocuq Mərcanlı modeli var, azad edilmiş ərazilərimizin məhz bu model əsasında - dövlət dəstəyi və yatırılan investisiyalar hesabına inkişafı nəzərdə tutulur.
Vüqar Hüseynov deyib: “Azərbaycan torpaqlarının işğaldan azad olunması ölkədə kənd təsərrüfatının inkişafı üçün iki obyektiv amil formalaşdırır. Birincisi, ölkənin əkin dövriyyəsi genişlənəcək. İkincisi, azad edilmiş ərazilərdə mövcud olan su anbarlarından istifadə əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunmasını yaxşılaşdıracaq. Əkin dövriyyəsi, ilk növbədə, işğaldan azad olunmuş ərazilərdə əkinəyararlı kənd təsərrüfatı təyinatlı torpaqlar hesabına artacaq. Əks-həmlə əməliyyatlarından əvvəl mövcud olan təmas xəttinə yaxın ərazilərdə istər təhlükəsizlik səbəbindən, istərsə də ekoloji terror səbəbindən əkilməyən ərazilər vardı. İndi xüsusilə strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin azad edilməsi qeyd olunan torpaqların da yenidən əkin dövriyyəsinə qaytarılmasını təmin edəcək”.
Əkin dövriyyəsinin genişlənməsi və ənənəvi su mənbələrinə çıxış əldə edilməsi ciddi üstünlükdür. Bu barədə danışan Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bildirib ki, su amili kənd təsərrüfatının inkişafında həlledici amillərdən biridir. Xüsusilə iqlim dəyişiklikləri və qlobal istiləşmə fonunda ölkəmizin öz təbii su qaynaqlarına yenidən qovuşması böyük əhəmiyyətə malikdir. Təkcə Suqovuşan su anbarındakı suyun Tərtərçayın təbii axınına verilməsi ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarında artıq 20 min hektaradək əkin sahəsinin davamlı suvarılması təmin olunur. İşğaldan azad edilmiş ərazilərdə digər strateji əhəmiyyətli su anbarlarının da istifadəyə verilməsi yüz min hektarlarla ərazilərin təsərrüfat suyu ilə təmin olunmasına imkan verəcək.
“Qeyd etdiyim amillər istər işğaldan azad edilmiş ərazilərdə, istərsə də bütün ölkədə kənd təsərrüfatının daha da inkişafı üçün real zəmin yaradır, - deyə V.Hüseynov əlavə edib.

Kənd təsərrüfatı 2020-10-27 12:52:00