×
A
A
A
Sazlamalar

Səudiyyəli nazir: “OPEC+” razılaşdırılmış istehsal məhdudiyyətlərinə riayət etməlidir

Bakı, 27 oktyabr, AZƏRTAC

OPEC-ə üzv və qeyri-OPEC ölkələri (“OPEC+”) razılaşdırılmış istehsal məhdudiyyətlərinə riayət etməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman deyib. O bildirib ki, neft bazarı üçün ən pis vəziyyət geridə qalıb. Ancaq “OPEC+” hələ də diqqətli olmalı və razılaşdırılmış istehsal məhdudiyyətlərinə riayət etməlidir.
Qeyd edək ki, “OPEC+” mövcud istehsal məhdudiyyətlərinə dair plana dəyişiklik etməsə, koalisiya yanvar ayından etibarən hasilatı gündəlik 2 milyon barrel artırmağı planlaşdırır. Bu dəyişiklik 30 noyabr - 1 dekabr tarixlərində keçiriləcək Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasında əsas müzakirə mövzusu olacaq.
Xatırladaq ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkada xam neft hasilatını 133 min barrel azaldıb. Bununla da Azərbaycan sentyabrda “OPEC+” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, “Azəri-Çıraq-Günəşli”də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (“Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.
12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust- 31 dekabr tarixlərini əhatə edir.

Neft - qaz 2020-10-27 12:00:00