×
A
A
A
Sazlamalar

Ailə təsərrüfatı sahibi: Torpağa qayğı göstərən çörəksiz qalmaz

Şahbuz, 27 oktyabr, AZƏRTAC

Bizim yerlərin torpağı bərəkətlidir. Əsas odur ki, nəyi harada əkdiyinə fikir verəsən. Yaxşı təsərrüfat adamı nəyi harada əkməyin daha çox məhsul verəcəyini əvvəlcədən müəyyənləşdirməlidir. Görəcəyin hər bir işdə dövlət qayğısının göstəriləcəyini bilmək, dəstək veriləcəyini hiss etmək isə hər bir təsərrüfatçını həvəsləndirir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində muxtar respublikanın Şahbuz rayonunun Keçili kəndində yaşayan ailə təsərrüfatı sahibi Qeybulla Dünyamalıyev deyib.
O bildirib ki, ailəsi beş nəfərdən ibarətdir və kənddə dövlətin diqqət və qayğısından, yaradılan şəraitdən istifadə edərək ailə təsərrüfatı yaradıb. Burada kənd təsərrüfatının müxtəlif sahələri inkişaf etdirilib. “Ailə təsərrüfatını yaratmaq, əlbəttə ki, bir o qədər asan iş deyil. Bunun üçün ailə üzvlərinin birliyi əsas şərtdir. Birlik olan zaman heç bir iş adama çətin gəlmir. Buna görə də işimizi istədiyimiz kimi qura bilmişik. Torpaq sahəsində bir yerə bel vurmayanda, bir dırmıq çəkməyəndə və ya əkdiyimiz, becərdiyimiz sahəyə qulluq etməyəndə, o günü ömürdən saymamışıq. Alın tərimizlə, qabar tutmuş əllərimizlə sevib əzizləyirik bərəkət təknəmiz, iş yerimiz olan torpağı”, – deyən 61 yaşlı Qeybulla Dünyamalıyev vurğulayıb ki, bu səxavətli nemət də öz varını əsirgəməyib. Axı, torpağın da öz deyimi var, “öldür məni, dirildim səni”. Torpağı “diriltmək” üçün də gərək onun dilini bilməyi bacarasan. Uzun illərin təcrübəsinə əsasən deyə bilərəm ki, torpağa qayğı göstərən çörəksiz qalmaz.
Qeybulla Dünyamalıyev vurğulayıb ki, hazırda istifadəsində 1,4 hektar torpaq sahəsi var. Əkin sahəsində ailə üzvləri ilə birlikdə həm taxıl, həm də bostan-tərəvəz bitkiləri əkib. Sahədən bol məhsul götürmək üçün canla-başla işləyib, məhsul bolluğuna nail olub. Bu gün əsas işlərdən biri də bağ sahəsindədir. Aqrotexniki qaydalara düzgün əməl etməklə bağda bir çox meyvə ağacı yetişdirib. Ən çox alma, armud, heyva, cəviz, almaxara, gilənar, gilas ağacları var. Bu il alma və cəviz ağaclarının barı çoxdur. Hazırda həmin ağacların məhsulu yığılır. Bir neçə gündən sonra heyva və qış armudu yığılacaq.
Təsərrüfatçı deyib: “Oğlum və nəvələrimlə birlikdə bağımdakı seyrəkliyi aradan qaldırmaq üçün yeni tinglər əkəcəyəm. Bu işi onlarla birlikdə görməkdə məqsədim odur ki, ting əkininin bütün qaydalarını öyrənsinlər, məndən sonra bu işi görərkən çətinliklə qarşılaşmasınlar. Ümumiyyətlə, torpaqdan ayrı qala bilmirəm. Kənd təsərrüfatı işləri ilə məşğul olanda özümü çox gümrah hiss edirəm. Övladlarımı, nəvələrimi də bu ruhda tərbiyə etmişəm”.
O qeyd edib ki, bu ailə təsərrüfatında həm də heyvandarlıq, arıçılıq, quşçuluq inkişaf etdirilib. Təsərrüfatda 20 başa yaxın iribuynuzlu heyvan, 25 arı ailəsi və 40 başa yaxın quş saxlanılır. Heyvandarlıq elə bir sahədir ki, burada həmişə qazanc var. Ona görə də ilbəil mal-qaranın, arı ailələrinin, quşların sayını artırıram. Ot sarıdan heç bir çətinliyimiz olmur. Həm özümüz birillik və çoxillik otlar əkirik, həm də yaşadığımız yerin təbiəti zəngin bitki örtüyünə, otlaq sahələrinə malikdir. Dövlət tərəfindən dərman preparatları verilir, baytarlıq məntəqəsinin işçiləri vaxtlı-vaxtında peyvəndləmə tədbirlərini aparırlar. Təmənnasız yerinə yetirilən bu işin özü kənd adamlarına böyük bir yardım deməkdir. Bu qədər qayğının müqabilində biz də istənilən sahəni heç bir çətinliklə üzləşmədən inkişaf etdirə bilirik. Zəhmətə, əməyə və dövlət qayğısına arxalanaraq əkir, biçir, gün-güzəranımızı təmin edirik.
Qeybulla Dünyamalıyevin bu işdə ən böyük köməkçisi yoldaşı Nailə xanımdır. Nailə xanım qoçaq və zəhmətsevər insandır. O deyib ki, torpaq sahəmizdə əkilməmiş yer saxlamarıq. Yoldaşım, oğlanlarım, nəvələrim yeri belləyər, arxları çəkir, mən də toxum səpərəm, şitil əkərəm. Kartof, lobya, pomidor, xiyar, badımcan, yerkökü, turp, kələm, bibər, göyərti məhsulları əkirik və onlara hər gün qulluq edirik. Alaq otlarını vururuq, diblərini boşaldırıq, suvarırıq. Əkin sahəsi elədir ki, qulluğu bir gün belə dayandırsan, sanki səndən “küsür”. Yığdığımız məhsulları oğlum bazarlara aparır, elə vaxt olur ki, elə alıcı özü qapını döyür.
“Həmin məhsullarla biz həm də qışa hazırlıq etmişik. Bankalar bağlamışıq, turşular qoymuşuq. Meyvə ağaclarının məhsulundan çoxlu mürəbbələr hazırlayıb, kompotlar bağlamışıq. İndi də qış üçün yarma çəkib, əriştə kəsirik. Eyni zamanda, qış yeməklərini dada gətirən qovurma da hazırlayacağıq. Pendir, qatıq, süd, xama, kərə yağı, şor kimi məhsulları da gəlinimlə birlikdə hazırlayarıq”, – deyən Nailə xanım vurğulayıb ki, pendiri əsasən bu aylarda vurub, küpələrə yığıb torpağa basdırır. Yaya kimi torpaq onu yaxşı saxlayır. Yaz-yay aylarında isə satıb yaxşı gəlir əldə edirlər.

Kənd təsərrüfatı 2020-10-27 11:48:00