“Haas” pilotları ilə yollarını ayırır
Bakı, 26 oktyabr, AZƏRTAC
Bu mövsüm Formula 1-də ən uğursuz komandalardan biri də “Haas”dır. Təsadüfi deyil ki, ABŞ-ı təmsil edən komanda hazırda Mühəndislər Kubokunda 9-cu pillədə qərarlaşıb. Vəziyyətdən çıxış yolu axtaran rəhbərlik heyəti dəyişmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, növbəti mövsümdən Romen Qrojan və Kevin Maqnussen “Haas”da çıxış etməyəcək. Bu barədə pilotların özləri ictimaiyyətə məlumat verib. Əvvəlcə, Qrojan sosial şəbəkə hesabından komandadan gedəcəyini elan edib: “Mən “Haas” Formula 1-də iştirak etməyə başlayandan bu komandadayam. Bu 5 ildə enişli-çıxışlı dövr yaşadıq. 92 Qran-Pridə 110 xal topladıq. Mən bu komandada pilot kimi inkişaf etdim. Burada keçirdiyim illəri heç vaxt unutmayacağam. “Haas”a bundan sonra uğurlar arzulayıram”.
Bu bəyanatdan sonra K.Maqnussen də komandadan gedəcəyini açıqlayıb: “Haas”da sonuncu mövsümümü keçirirəm. Bu günədək mənə dəstək olan Cin Haas və Günter Ştaynerə təşəkkür edirəm. Dörd il ərzində onlar mənə güvəndilər. Qarşıdakı Qran-prilərdə maksimum dərəcədə yaxşı çıxış edəcəyəm”.
“Haas”ın rəhbəri Günter Ştayner də bu iki pilotla yollarını ayırdıqlarını təsdiqləyib. O, indiki məqamda dəyişikliyə ehtiyac duyduqlarını söyləyib. Amma Ştayner növbəti mövsüm komandaya kimləri dəvət edəcəklərindən heç nə deməyib. Mətbuat isə Nikita Mazepin, Mik Şumaxer, Serxio Peres və Niko Hyulkenberq variantlarını qeyd edir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir