×
A
A
A
Sazlamalar

Luis Hamilton Mixail Şumaxerin rekordunu yeniləyib

Bakı, 26 oktyabr, AZƏRTAC

Formula 1 üzrə dünya çempionatının növbəti yarışı - Portuqaliya Qran-Prisi yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Portiman trasında keçirilən yarış gözlənildiyi kimi Luis Hamiltonun qələbəsi ilə yekunlaşıb.
Final mərhələsində əsas mübarizə “Mercedes”in pilotları L.Hamilton, Valteri Bottas və “Redd Bull”dan Maks Ferstappen arasında gedib. Startda daha yüngül şinlərdən istifadə edən “Maklaren” komandasının üzvü Karlos Sayns liderliyi ələ keçirsə də, sonradan L.Hamilton və M.Ferstappen önə keçməyi bacarıblar. Yürüşün sonlarına yaxın isə L.Hamilton finlandiyalı komanda yoldaşından da aralanmağa müvəffəq olub ki, bu da sonra britaniyalı pilotun karyerasındakı 92-ci qələbəsi ilə nəticələnib. Bununla da L.Hamilton Formula 1-də ümumi qələbələrin sayına görə əfsanəvi almaniyalı pilot Mixail Şumaxeri qabaqlamağa müvəffəq olub. Şumaxer karyerasında 91 qələbə qazanmışdı.
Portuqaliya Qran-Prisində ikinci yeri V.Bottas, üçüncü pilləni isə M.Ferstappen tutublar.
Qeyd edək ki, Hamilton son qələbə sayəsində ümumi sıralamada komanda yoldaşı V.Bottasla xal fərqini bir qədər də artırıb. Hazırda britaniyalının aktivində 256 xal var. V.Bottas 179 xalla ikinci, M.Ferstappen isə 162 xalla 3-cüdür. Mühəndislərin yarışında da “Mercedes” liderliyini qoruyur. İkinci yerdə “Redd Bull”, üçüncü pillədə isə “Rasinq Point” qərarlaşıb.

İdman 2020-10-26 18:44:00