×
A
A
A
Sazlamalar

Milli Xalça Muzeyinin onlayn fəaliyyəti davam edir

Bakı, 26 oktyabr, AZƏRTAC
Bu gün rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda böyük uğurla irəliləyir. Azərbaycan Silahlı Qüvvələri düşmənin illərlə qurduğu müdafiə səddini darmadağın edərək torpaqlarımızı işğalçılardan təmizləyir və bununla da öz mübarizə əzmini, qüdrətini, məğrurluğunu erməni qəsbkarlarına, həmçinin dünyaya sübut edir. İşğaldan azad olunan ərazilərimizdə üçrəngli bayrağımızın qürurla dalğalandırıldığı bu sevincli günlərdə Azərbaycan Milli Xalça Muzeyi də hər zaman olduğu kimi, öz üzərinə düşən məsuliyyəti yerinə yetirir, Qarabağın mədəni irsini dünyada tanıtmaq üçün informasiya sahəsində işlər həyata keçirir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə kütləvi informasiya vasitələrində Azərbaycan Milli Xalça Muzeyində qorunan Qarabağa aid xalçalar və digər eksponatlar barədə məlumatlar verilir, televiziya proqramlarında bu mövzuda mütəmadi olaraq çıxışlar edilir. Bununla yanaşı, muzeyin sosial şəbəkələrində hər gün Qarabağın dekorativ-tətbiqi sənət sahəsini əhatə edən bir-birindən maraqlı məlumatlar yerləşdirilir. İnformasiyanın daha geniş auditoriyaya çatdırılması üçün paylaşımlar üç dildə - Azərbaycan, ingilis və rus dillərində, həftə ərzində müxtəlif rubrikalar üzrə təqdim olunur. Belə ki, həftənin bazar ertəsi ənənəvi olaraq “Qarabağın xalça salnaməsi” rubrikasında Qarabağa aid xovlu və xovsuz xalçalar, xalça məmulatları barədə məlumat verilir. Çərşənbə axşamı “Könlüm keçir Qarabağdan...” rubrikasında Qarabağın dilbər guşələrindən mənzərələr və etnoqrafiyasına aid arxiv şəkilləri nümayiş etdirilir. Çərşənbə günü geyim, zərgərlik və s. kimi Qarabağa aid dekorativ-tətbiqi sənət nümunələri “Qarabağ – sənətkarlar diyarı” rubrikasında təqdim olunur. Cümə axşamı isə “Çeşnilərdə əbədiləşən Qarabağ” rubrikasında Azərbaycan xalçaçılıq sənətini bütün dünyaya tanıdan Xalq rəssamı Lətif Kərimovun müəllifi olduğu Qarabağ xalçaları əsasında hazırlanmış eskizlər izləyicilərimiz üçün paylaşılır. Qarabağın qabaqcıl şəxsiyyətləri haqqında maraqlı məlumatlar isə həftənin cümə günləri “İnci tək parlayanlar” rubrikasında təqdim edilir.
Göründüyü kimi bu rubrikalarda təqdim olunan məlumatlar Qarabağın təbiəti, tarixi, etnoqrafiyası, milli-mədəni irsi olan xalçaçılıq və digər sənət sahələri ilə yanaşı, bu torpağın yetişdirdiyi məşhur şəxsiyyətlər barədə də dünyanın dörd bir yanından olan izləyicilərimizdə geniş təəssürat yaradır.
Hazırda Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının yenidən bərpası ilə əlaqədar hazırlıq işləri də aparılır.

Mədəniyyət 2020-10-26 16:38:00