×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidentinin xarici KİV-lərə müsahibəsi Gürcüstan mətbuatında geniş işıqlandırılıb

Tbilisi, 24 oktyabr, AZƏRTAC

Gürcüstanın nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın “Figaro” və Yaponiyanın “Nikkei” qəzetlərinə müsahibəsində qonşu Gürcüstan və Qarabağın gələcək taleyi barədə fikirlərinə geniş yer verib.
AZƏRTAC xəbər verir ki, nüfuzlu report.ge, aktual.ge, newsgeorgia.ge, pia.ge, 24news.ge, interpressnews.ge informasiya portallarında Azərbaycan Prezidentinə istinadla yayılan xəbərlər oxuculara Azərbaycan, gürcü, rus və ingilis dillərində çatdırılır.
Ən böyük diqqət çəkən material Azərbaycan Prezidentinin Qarabağın taleyi ilə bağlı fikirləridir: “Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük. Bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz var. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq Qarabağla müqayisədə fərq gecə ilə gündüz qədərdir. Beləliklə, biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik”.
Gürcü oxucularının diqqətini çəkən digər məsələ isə Prezident İlham Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olması və bu ölkədəki soydaşlarımızla bağlı fikirləridir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2020-10-24 22:16:00