Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Politoloq: Ermənistanın xarici işlər naziri də Paşinyan kimi CNN-ə müsahibədə rəzil duruma düşdü

Bakı, 24 oktyabr, AZƏRTAC
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ABŞ-ın dövlət katibi Mike Pompeo ilə görüşdən sonra CNN-ə verdiyi müsahibədə jurnalist Kristin Amanpurun sualları qarşısında rüsvay oldu. Belə ki, Amanpurun Dağlıq Qarabağın rəsmi olaraq Azərbaycanın tərkib hissəsi olduğunu vurğulaması qarşısında aciz qalan Mnatsakanyan öz baş naziri Paşinyanın dəfələrlə düşdüyü rəzil duruma düşdü.
Bunu AZƏRTAC-a politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənova bildirib ki, müsahibənin əvvəlində Mnatsakanyan humanitar atəşkəsi dəfələrlə kobud şəkildə pozan və mülki şəxslərə atəş açan Ermənistanı müdafiə etmək üçün bəhanələrə əl atmağa çalışsa da bu, alınmadı: “Belə ki, guya Azərbaycanın mülki insanları və infrastrukuru atəşə tutması, bombalaması yalanlarının səsləndirilməsi fonunda ekranda Ermənistan ordusu tərəfindən Gəncənin bombalandığı və dağıdıldığı görüntülərinin getməsi düşünürəm ki, artıq dünyanın onları yalançı kimi tanıması və dünya mediası tərəfindən həqiqətlərin vurğulanması bir daha Ermənistanın yalan üzərinə qurulmuş siyasətinin açıq şəkildə ifşa olunmasıdır.
Amanpur Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun “Sülhə aparan yeganə yol Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarına və beynəlxalq hüquqa hörmətə əsaslanır. Ermənistanın qanunsuz işğalına son qoyulmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır” həqiqətlərini vurğulamasının və Ermənistanın işğalçılıq siyasəti barədə sərt suallar səsləndirilməsinin ardınca da jurnalistin Mnatsakanyana “Siz bu güzəştə getməyə hazırlaşırsınızmı?” deyə sual ünvanlaması qarşısında aciz duruma düşən erməni nazirinin “Biz heç bir güzəştlərdən danışmırıq” deyərək cavab tapmaqda çətinlik çəkməsi, əslində, onun beynəlxalq hüquq sənədində əksini tapan fakt qarşısında aciz qalaraq cavab verə bilməməsindən xəbər verir.
Amanpur Mnatsakanyanın çıxışına bir neçə dəfə müdaxilə edərək, növbəti sualda “1993-cü ildə BMT Təhlükəsizlik Şurasının dörd qərarı işğalçı qüvvələrin dərhal geri çəkilməsini tələb etdi və 2008-ci il Baş Assambleyasının qərarı ilə Azərbaycanın ərazi bütövlüyü və "Azərbaycan əhalisinin evlərinə qayıtmaq üçün ayrılmaz haqqı" təsdiqləndi faktını təkrarlaması jurnalistin suallarında əks olunmuş həqiqətlər idi ki, erməni nazir buna da cavab verə bilmədi.
Bundan sonra, Paşinyanın qatı milliyyətçi çıxışlarının, Ermənistanın işğalçılıq siyasətini özündə ehtiva edən “Qarabağ Ermənistandır və nöqtə” açıqlamasının və Ermənistanın Dağlıq Qarabağı özünə birləşdirmək ideyasının jurnalist tərəfindən xatırladılması, bu ideyanın onların əsl siyasəti olması barədə jurnalistin izah tələb etməsi və bu sualın fonunda xarici siyasət kursundan məsul şəxs kimi Mnatsakanyanın dodağının qaçması belə, əslində, nəinki dünya ictimaiyyətinin, onun özünün belə Paşinyana və onun sərsəm açıqlamalarına olan qeyri-ciddi münasibətinin əyani təzahürü idi. Yenə də Mnatsakanyan suala cavab verməkdən boyun qaçırır və bildirir ki, bu cür bəyanatlar verməklə Paşinyan yalnız "Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyində Ermənistanın rolunu" düşünüb. Bu absurd cavab rəsmi İrəvanın qorxaq siyasətindən xəbər verir.
Beləliklə də, növbəti dəfə dünya ictimaiyyəti və mediası Ermənistan diplomatiyasının acizliyi və səriştəsizliyinin şahidi oldu. BBC-nin “Hard Talk” proqramında da aparıcı Stiven Sakurun sualları qarşısında Paşinyanın siyasətdən və diplomatiyadan nə qədər uzaq olduğu aydın olmuş, dəfələrlə dünya ictimaiyyətinin gözü önündə rəzil və rüsvay duruma düşmüşdü. Təbii ki, bu da alışdığımız Ermənistan və onun səriştəsiz diplomatı Mnatsakanyandır. Onların rəzil duruma düşməsi isə artıq ənənəvi hal alıb. Eyni zamanda, nəzərə alsaq ki, Amanpur nəinki CNN-də, eyni zamanda, dünyada məşhur bir jurnalist olmaqla yanaşı, həm də beynəlxalq vəziyyətdən də yaxşı xəbərdardır, o zaman əminliklə deyə bilərik ki, erməni tərəfinin dünya ictimaiyyətini yanıltmaq və aldatmaq cəhdi bu dəfə də baş tutmadı”.

Siyasət 2020-10-24 22:05:00