×
A
A
A
Sazlamalar

Azərbaycanlı gənclər ATƏT, BMT, UNICEF və digər təşkilatlara müraciətlər ünvanlayıblar

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Tələbələr və Məzunlar Platforması Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dinc əhalinin, xüsusilə də gənclərin və uşaqların qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNICEF kimi təşkilatlara müraciətlər ünvanlayıblar.
Gənclər Fondundan AZƏRTAC-a verilən məlumata görə, müraciətlərdə Ermənistanın siyasi və hərbi rəhbərliyinin birbaşa göstərişi ilə Azərbaycanın döyüş bölgəsindən yüzlərlə kilometr uzaqlıqda yerləşən yaşayış məntəqələrinin ağır artilleriya və taktiki-ballistik raket sistemləri vasitəsilə atəşə tutulması və onun ağır nəticələri barədə məlumat verilir.
Qeyd olunur ki, Tərtər rayonunun Kəbirli kəndinə “Smerç” raketinin atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu öldürülüb. Düşmən tərəfindən Gəncə şəhərinə “SCUD” raketinin atılması nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç göstərilmiş tibbi yardımlara baxmayaraq, oktyabrın 24-də stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib
Müraciətlərdə vurğulanır ki, müharibəyə və hərbi əməliyyatların gedişinə heç bir aidiyyəti olmayan mülki insanların, o cümlədən uşaq və gənclərin hədəf alınması Ermənistan rəhbərliyinin çirkin və insanlıqdan uzaq siyasətinin mahiyyətini ortaya qoyur. Ermənistan dinc vətəndaşlarımızı qətlə yetirməklə və mülki obyektləri dağıtmaqla döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmağa çalışır.
Müraciətlərin sonunda dünya ictimaiyyəti Ermənistanı bu qeyri-insani hərəkətlərinə görə qəti şəkildə pisləməyə, törətdiyi müharibə cinayətlərinə görə bu ölkəni məsuliyyətə cəlb etməyə, eləcə də bölgədə sülhün bərqərar edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırılır.

Cəmiyyət 2020-10-24 19:56:00