×
A
A
A
Sazlamalar

Lənkəranlı qazilər: Ordumuzun zəfəri xalqımızı qürurlandırır

Lənkəran, 24 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, düşmən üzərində qazanılan qələbələr bütün azərbaycanlılar kimi, lənkəranlı qazilər tərəfindən də böyük sevinclə qarşılanır.
Otuz ildir işğal altında olan torpaqlarımız uğrunda zaman-zaman canını sipər edən, ölümsüzlük zirvəsinə ucalan şəhidlərimizin ruhu indi şaddır, Qarabağ qaziləri, Aprel döyüşçülərinin isə sevinci yerə-göyə sığmır...
Onlardan bir neçəsi sevincini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb.
Qarabağ qazisi Arzuman Rüstəmov: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz inamla Böyük Qələbəyə doğru irəliləyir. Kəlbəcərdə, Şuşada bayrağımızın dalğalanacağı gün yaxındadır. Biz də bu haqq savaşında iştirak etmək istərdik, ancaq buna fiziki imkanımız yoxdur. Amma, ruhumuz, qəlbimiz əsgər və zabitlərin yanındadır. Şanlı ordumuz Madagizi azad etdikdən sonra Ali Baş Komandan onun əvvəlki adını - Suqovuşanı yenidən özünə qaytardı. Mən vaxtilə Suqovuşanda yaralanmışam, indi çox sevinirəm. Qisasımızı əsgərlərimiz alır. Bu, təkcə mənim deyil, bütün xalqımızın sevincidir. İnşallah, qələbə bizim olacaq!”
Qarabağ savaşında bugünkü qələbələrin təməli 4 il əvvəl - Aprel döyüşlərində qoyuldu. Həmin döyüşlərdə adını şəhidlik zirvəsinə yazan Lənkəran rayonunun Hirkan qəsəbə sakini, gizir Rusif Ağayevin də ruhu indi şaddır. Rəşadətli ordumuz zəfər qazanır. Bütün şəhid ailələri kimi, Rusif Ağayevin ailəsi də övladlarının uğrunda döyüşdüyü əzəli Vətən torpaqlarımızın qarış-qarış geri alınmasına görə Müzəffər Ali Baş Komandana və ordumuza minnətdardır.
Aprel döyüşlərində şəhid olmuş Rusif Ağayevin atası İbrahim Ağayev: “Oktyabrın 27-də eşitdik ki, ordumuz Müzəffər Ali Baş Komandanın əmri ilə əks-hücuma keçib. Aprel döyüşlərinin şəhid atası kimi, sevincimdən qərar tuta bilmədim. Televizorda göstərəndə ki, ordumuz Talış kəndini azad edib, qanadım olmadı ki uçum. Axı, oğlum Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Əminəm ki, Prezidentimizin rəhbərliyi ilə torpaqlarımızın hamısını geri alacağıq. Xankəndinə də bayraq sancacağıq!”
Aprel döyüşçüsü, ehtiyatda olan kiçik çavuş Sabir Zeynallı isə Müzəffər Ali Baş Komandanın əzəli adını qaytardığı Suqovuşan-Ağdərə istiqamətində şücaət göstərib. Onunla söhbət zamanı gözlərində addım-addım yaxınlaşdığımız böyük qələbədən doğan sevinc işığını görməmək mümkün deyildi.
Sabir Zeynallı: “Azərbaycan Ordusunun cəbhənin bütün istiqamətlərində qazandığı qələbələrə çox sevinirik. Əsgər yoldaşlarımdan bir neçəsi yenidən orduya çağırılıb. Özüm də qeydiyyatdan keçmişəm. İstəyim odur ki, Azərbaycan Ordusunun döyüşlərdə qazandığı qələbələrdə mənim də payım olsun. Hər an telefonuma baxıram, o çağırış zəngini gözləyirəm”.
Bəli, bu gün bütün azərbaycanlılar əsgər kimi ön cəbhədə döyüşmək, qazanılan qələbədə payının olmasını istəyir. Həmişə bir olaq, qalib olaq! Tezliklə üçrəngli bayrağımız bütün Qarabağ torpaqlarında dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Regionlar 2020-10-24 19:42:00