×
A
A
A
Sazlamalar

Çili mətbuatında ermənilərin Kəlbəcərdə soydaşlarımıza yaşatdıqları faciədən bəhs edilib

Bakı, 24 oktyabr, AZƏRTAC
Çili mediasında Qarabağ hadisələri zamanı doğma yurdundan qovularaq çıxarılmış həmvətənimizin ailəsinin faciəli hekayəsindən bəhs edən məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Santyaqo şəhərindəki Adolfo İbanyez Universitetində çalışan professor, əslən Kəlbəcər rayonundan olan Şəhriyar Nəsirovun qələmə aldığı “Ağdaban faciəsi: həyatımın ən ağır etirafı” sərlövhəli yazıda Ermənistanın 1992-ci ildə azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən bəhs edilib.
Müəllif qeyd edir ki, ailəsi ilə birgə 8 yaşına qədər Azərbaycanda Kəlbəcər rayonunun Ağdaban kəndində yaşayıb. 1992-ci il aprelin 8-də qəsəbəyə hücum edən ermənilər onun öz doğma yurdunu tərk etmək istəməyən 65 yaşlı nənəsini, 34 yaşlı əmisini öldürüb, babasını və bibisini isə əsir götürüblər. Ümumiyyətlə isə, erməni quldurları kənddə 67 nəfəri öldürüb, 130 evi yandırıb və xeyli insanı əsir götürüb. Şəhriyarın və valideynlərinin hadisədən bir neçə gün əvvəl Şəkiyə gəlməsi onların həyatını xilas edib.
Məqalədə azərbaycanlıların öz vətənlərində məcburi köçkünə çevrilməsinin, doğma yurdlarına geri qayıda bilməməsinin ağrılı mövzu olduğu vurğulanıb. “Ailəmi sarsıdan əsl faciədir. Valideynlərim və yaxın qohumlarım özlərini alçaldılmış vəziyyətdə hiss etdiklərindən bu hekayəni heç bir vaxt danışmırdılar...”, - deyə Şəhriyar qeyd edib.

Cəmiyyət 2020-10-24 18:40:00