×
A
A
A
Sazlamalar

Arxiv işinin inkişafı diqqətdə saxlanılır

Naxçıvan, 24 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 14 mart tarixli Sərəncamı arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığını, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini təmin edir. Tədbirlər Planına uyğun olaraq AMEA Naxçıvan Bölməsinin qarşısına da vəzifələr qoyulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, AMEA Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə III kurs tələbələrinin iştirakı ilə “Arxiv işinin təşkili və sənədlərlə iş” mövzusunda keçirilən konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev bu barədə danışıb.
Akademik bildirib ki, əsrlərin həqiqətlərini üzə çıxaran, keçmiş tariximizi, dövlətlər arasında münasibətləri, görkəmli şəxsiyyətlərin fəaliyyətlərini olduğu kimi keçmişdən bu günə, bu gündən isə gələcəyə daşıyan arxiv materialları olduqca dəyərlidir. Milli-mənəvi sərvətimizin mühafizə olunduğu arxivlərin əhəmiyyəti isə çox böyükdür.
Bildirilib ki, Azərbaycan torpaqları tarix boyu bir sıra dövlətlərin daim diqqət mərkəzində olub. Müharibələr zamanı tariximizlə bağlı sənədlər yandırılıb, dağıdılıb, bəziləri isə müxtəlif ölkələrə aparılıb. Dünyanın müxtəlif ölkələrinin arxivlərində də tariximizlə, tarixi şəxsiyyətlərimizlə bağlı olduqca çox qiymətli materiallar var.
İsmayıl Hacıyev ümummilli liderimiz Heydər Əliyevin “Arxiv işinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir” sözlərini xatırladaraq deyib ki, Ulu Öndər hələ 1969-cu ildə Azərbaycana rəhbərliyinin birinci dövründə ölkədə bütün sahələrlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması üçün diqqətəlayiq tədbirlər həyata keçirib. Dövlət arxivlərinə diqqət artırılıb, maddi-texniki bazası möhkəmlənib, idarələr ixtisaslı kadrlarla təmin olunub. Müstəqilliyimizin bərpasından sonra bu istiqamətdə daha ciddi işlər aparılıb, arxiv materiallarının qorunması və saxlanması istiqamətində ardıcıl tədbirlər görülüb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin qayğısı, tövsiyə və tapşırıqlarına əsasən tarixi keçmişimizə dair materialların araşdırılması, surətlərinin əldə olunması, tədqiqata cəlb edilməsi istiqamətində muxtar respublikada həyata keçirilən mühüm işlərdən bəhs olunaraq bildirilib ki, Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən də ölkəmizlə yanaşı, xarici ölkə arxivlərindən, muzeylərdən, kitabxanalardan toplanılan xeyli sayda arxiv sənədləri tədqiqata cəlb edilib. Kitab və monoqrafiyalar işıq üzü görüb.
Daha sonra Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru Fəxrəddin Cəfərov “Arxiv sənədləri ilə işləmə qaydalarına dair” və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Naxçıvan tarixi ilə bağlı sənədlər Azərbaycan, Rusiya və Gürcüstan arxivlərində” mövzusunda məruzə ilə çıxış ediblər.

 

Regionlar 2020-10-24 15:45:00