×
A
A
A
Sazlamalar

Türkiyəli jurnalistlərin bir qrupu Gəncədə erməni vəhşiliyi ilə tanış olub VİDEO

Gəncə, 24 oktyabr, M.Əlioğlu, AZƏRTAC

Türkiyənin “Akit” qəzeti və televiziyasının Ankara təmsilçisi Hacı Yakışıklı, “Özişık” İnternet Xəbər Yayım Qrupunun sahibi və rəhbəri Hadı Özişık, “Takvim” qəzetinin nümayəndəsi Əkrəm Kiziltas və “Kanal D” televiziyasının Ankara təmsilçisi Ercan Gürses Gəncəyə səfər ediblər.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, türkiyəli jurnalistlər cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olublar.
Məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Bildirilib ki, Ermənistan ordusunun oktyabrın 11-də törətdiyi faciə zamanı Gəncədə 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Daha bir müharibə cinayəti isə 17-də törədilib. Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 14 nəfər həlak olub, 50-dən çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.
Vurğulanıb ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyır. Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması isə insanlığa qarşı cinayətdir. Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, müharibə cinayətlərini davam etdirir, atəşkəs çağırışı edənlər, dünya dövlətləri isə bunu seyr etməklə kifayətlənir. Bu cinayətə laqeyd qalmaq onun iştirakçısına çevrilmək deməkdir.
Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.

2020-10-24 15:38:00

Video