×
A
A
A
Sazlamalar

Düşmən təcavüzünün qurbanı olan şagirdlər

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Goranboy və Tərtər rayonları raket və ağır artilleriyadan atəşə tutulub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü Orxan İsmayılzadə həlak olub. Belə ki, həmin raketlərdən biri Orxanın yaşadığı həyətə düşüb. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı.
Həmçinin oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət alan 2007-ci il təvəllüdlü Artur Mayakov göstərilən tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.
Qeyd edək ki, düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli isə yaralanıb. 40-a yaxın məktəbə ciddi ziyan dəyib.

Elm və təhsil 2020-10-24 14:16:00