×
A
A
A
Sazlamalar

Ermənistan hərbi-siyasi rəhbərliyinin insanlıq əleyhinə cinayətlərinə görə bu ölkəyə sanksiyalar tətbiq olunmalıdır

Bakı, 24 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
Həqiqətdir ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində 28 il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Həmçinin BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə erməni silahlı birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı tələblər əks olunsa da, Ermənistan bu tələblərə məhəl qoymadı. Halbuki, Nizamnaməyə (V fəsil, 25-ci maddə) əsasən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası məcburidir. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Parlament Assambleyası, AŞPA, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO Parlament Assambleyası da analoji qərarlar qəbul ediblər. Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci ildə imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Aİ tərəfindən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı məsələsi bir daha öz təsdiqini tapıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib.
Siyasi elmlər doktoru qeyd edib ki, cəzasızlıq rejimindən şirniklənən Ermənistanın yeni siyasi-hərbi rəhbərliyi “yeni ərazilər uğrunda yeni müharibə” tezisini ortaya atdı. Düşmən yeni “hərbi doktrina” və “milli təhlükəsizlik strategiyası” qəbul edərək və militarist iddialar irəli sürərək, “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi işlətməklə təxribatçı bəyanat verib. Həmçinin Ermənistan siyasi rəhbərliyi “Danışıqları yalnız iki tərəf - Azərbaycan və qondarma “Dağlıq Qarabağ hökuməti” aparmalıdır” mövqeyini bəyan etməklə faktiki olaraq danışıqlar prosesini boykot etdi. Ermənistan silahlı qüvvələri iyulun 12-16-da Azərbaycanla sərhədin Tovuz istiqamətində hərbi təxribat, avqustun 23-də isə hərbi-diversiya aktı törətdi. Sentyabrın 27-də isə ağır artilleriya hazırlığından sonra yeni ərazilər işğal etmək məqsədilə bütün cəbhə boyu hərbi əməliyyatlara başladılar. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın Silahlı Qüvvələri əks-hücuma keçərək ərazi bütövlüyümüzün təmin olunması istiqamətində müqəddəs missiyasını şərəflə yerinə yetirir. Azərbaycan Ordusunun legitim hədəfinə yalnız düşmənin canlı hərbi qüvvə, hərbi obyekt və hərbi infrastrukturları daxildir.
Elman Nəsirov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev son müsahibələrində dəfələrlə bəyan edib: “Biz nə Dağlıq Qarabağ ərazisinə, nə də Ermənistan ərazisinə ballistik raketlərlə hücum etməmişik. Mən demişdim ki, biz qisas alacağıq, lakin biz qisası döyüş meydanında alacağıq”. Ermənistan silahlı qüvvələri isə cəbhədə üzləşdiyi böyük uğursuzluğunun qisasını dinc Azərbaycan əhalisini, yaşayış məskənlərini və mülki infrastrukturu raket zərbələrinə məruz qoymaqla çıxmağa çalışır. Bu, döyüş cəbhəsində Azərbaycanı Ermənistandan fərqləndirən əsas cəhətlərdən biridir.
Deputat Gəncə şəhərinin dəfələrlə raket hücumuna məruz qalması, nəticədə onlarca insanın ölümünə və yaralanmasına səbəb olmasını beynəlxalq müharibə cinayəti adlandırıb. Bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə oktyabrın 4, 11 və 17-də Ermənistan ərazisindən 3 dəfə taktiki-ballistik raket atəşinə tutulub. Nəticədə çox sayda dinc sakin, o cümlədən uşaqlar və qadınlar həlak olub, yaralanıb. Bu, insanlığa sığmır və beynəlxalq cinayətdir. Bundan başqa, Tərtər, Mingəçevir, Naftalan, Bərdə, Ağcabədi, Göygöl, Xızı və Abşeron rayonları intensiv artilleriya və ballistik raket hücumlarına məruz qalıb. Oktyabrın 22-də isə Ermənistanın kriminal rejiminin əmri ilə bu ölkə ərazisindən münaqişə zonasından xeyli uzaq məsafədə olan Siyəzənə 3, Qəbələyə 2 və Kürdəmirə isə 1 taktiki-ballistik raket atılıb. Bütün bunlar Ermənistanın terrorçu dövlət olduğunu bir daha təsdiq edir.
“Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə həyata keçirilən müharibə cinayəti hərəkətləri xarakteri etibarilə 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının tələblərinin kobud şəkildə pozulması, soyqırımı və terror əməlləri kimi beynəlxalq birlik tərəfindən pislənməli, habelə BMT Nizamnaməsinin VII fəslinin 41-ci maddəsinin tələblərinə uyğun olaraq işğalçı dövlətə qarşı sanksiyalar tətbiq edilməlidir”, - deyə Elman Nəsirov vurğulayıb.

Siyasət 2020-10-24 14:11:00