×
A
A
A
Sazlamalar

Nüvə Silahının Ləğvi Barədə Müqaviləni imzalayan ölkələrin sayı 49-a çatıb

Tokio, 24 oktyabr, AZƏRTAC

Yamayka və Naurunun BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya etməsindən sonra həmin sənədin qüvvəyə minməsi üçün yalnız bir ölkə çatmır.
AZƏRTAC xəbər verir ki, bu iki ölkə məlum müqaviləni ratifikasiya etdiklərini oktyabrın 23-də bəyan ediblər.
Nüvə Silahının Ləğvi Üzrə Beynəlxalq Təşkilatın (ICAN) bildirdiyinə görə, müqavilənin 50-ci dövlət tərəfindən ratifikasiyasının yaxın günlərdə baş tutacağı gözlənilir.
Xatırladaq ki, həmin müqavilə BMT-nin 2017-ci ildə keçirilmiş konfransı zamanı qəbul edilib. Bu sənəd nüvə silahının hazırlanmasını, ona sahib olmağı və onun istifadəsini qadağan edir. Müqavilədə, həmçinin qeyd edilir ki, bu silahdan istifadə beynəlxalq qanunların pozulması deməkdir.
Qeyd edək ki, 50-ci dövlət tərəfindən ratifikasiya edildikdən 90 gün sonra qüvvəyə minəcək müqavilə nüvə silahının ləğvini nəzərdə tutan ilk razılaşmadır.
Nüvə silahına malik olan ölkələr, o cümlədən ABŞ, Rusiya və Çin bu müqaviləyə qoşulmayıb. ABŞ-ın nüvə çətirinə arxalanan Yaponiya da iştirakçı ölkələr arasında yoxdur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2020-10-24 13:51:00