×
A
A
A
Sazlamalar

Qırğızıstanda növbədənkənar prezident seçkiləri yanvarın 10-na təyin olunub

Bakı, 24 oktyabr, AZƏRTAC

Qırğızıstan prezidentinin növbədənkənar seçkilərinin keçirilməsi 2021-ci il yanvarın 10-na planlaşdırılıb.
AZƏRTAC Qırğızıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb. Ölkə qanunvericiliyinə əsasən, növbədənkənar prezident seçkiləri dövlət başçısının istefasından sonra üç aydan gec olmayaraq keçirilməlidir.
Xatırladaq ki, Qırğızıstanda oktyabrın 4-də keçirilən seçkilərdən sonra parlamentə daxil ola bilməyən partiyaların nümayəndələri Bişkekdə kütləvi etiraz aksiyaları təşkil edib. Nəticədə ölkənin Baş naziri Kubatbek Boronov və parlamentin spikeri Dastanbek Cumabekov istefaya getmək məcburiyyətində qalıb. Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrini ləğv edib və təkrar parlament seçkiləri bu il oktyabrın 21-nə təyin olunub.
Parlamentin spikeri postuna Kanat İsayev, Baş Nazir postuna isə etirazçıların həbsdən azad etdiyi Sadır Japarov seçilib. Oktyabrın 15-də Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov da istefa verib və dövlət başçısı səlahiyyətləri Sadır Japarova keçib.

Dünya 2020-10-24 13:20:00