×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşayan, işləyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Bakı, 24 oktyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə qeyd olunub ki, Nazirlər Kabinetinin 2020-ci il 23 oktyabr tarixli 410 nömrəli Qərarı ilə 2020-ci il oktyabrın 24-də saat 00:00-dan operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına giriş-çıxış dayandırılıb.
Bununla əlaqədar ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilir: Yevlax, Ağdaş, Bərdə, Ucar, Zərdab, Tərtər, Ağcabədi, Ağdam rayonlarında yaşanan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri Yevlax regional miqrasiya idarəsində, Bərdə və Ağcabədi “ASAN xidmət” mərkəzlərində, Xaçmaz rayonunda yaşanan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri Xaçmaz regional miqrasiya idarəsində, Mingəçevir şəhərində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə miqrasiya məsələləri ilə bağlı müraciətləri Mingəçevir “ASAN xidmət” mərkəzində qəbul ediləcək.
Həmçinin giriş-çıxışı məhdudlaşdırılmış yerlərdə yaşayan əcnəbilər miqrasiya məsələləri ilə bağlı elektron xidmətlərdən istifadə edə bilərlər (elektron xidmətlərə keçid: https://eservice.migration.gov.az/?lang=az)
Mingəçevir şəhəri istisna olmaqla qeyd olunan qərarla giriş-çıxış məhdudlaşdırılmış rayonlarda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir (hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması zəruridir).

Sosial 2020-10-24 12:13:00