×
A
A
A
Sazlamalar

ÜST rəhbəri “pandemiyanın böhran mərhələsi” barədə: dünyamızı çətin günlər gözləyir

Bakı, 24 oktyabr, AZƏRTAC
Dünya COVID-19 pandemiyasının böhran mərhələsindədir. Hazırda planetimizin Şimal yarımkürəsində xüsusilə ağır vəziyyət yaranıb.
AZƏRTAC BMT saytına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bu fikirləri brifinqdə söyləyib. Onun sözlərinə görə qarşıdakı bir neçə ay bir sıra ölkələr üçün çox ağır sınaq dövrü olacaq.
Artıq indidən bir sıra dövlətlərdə xəstəliyin həndəsi silsilə üzrə artması müşahidə olunur. Nəticədə xəstəxanalar və intensiv terapiya şöbələri öz imkanlarının son həddində işləməyə məcburdur. ÜST-nin baş direktoru dünya liderlərinə müraciətlə ölüm hallarının artmasının, milli səhiyyə sistemlərinin imkanlarının tükənməsinin və məktəblərin yenidən bağlanmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Qebreyesus hökumətlərin dərhal görməli olduğu tədbirlərlə bağlı 5 bəndin adını çəkib. O deyib: “Birincisi, ən son məlumatlar əsasında sizin ölkədə pandemiyanın yayılması ilə bağlı cari vəziyyəti qiymətləndirin. Mən COVID-19-u nəzarətə götürməyə nail olmuş ölkələrə müraciət etmək istəyirəm: xəstələnmə hallarının aşağı səviyyəsinin qoruyub saxlamaq üçün səyləri ikiqat artırmaq lazımdır. Virusun sizin ölkədə yenidən vəziyyəti gərginləşdirməsinə imkan verməyin!
İkincisi, xəstələnmə və hospitallaşma hallarının sayının artdığı ölkələr vəziyyəti obyektiv təhlil etməli və virusa qarşı mübarizə strategiyasına düzəliş etməlidirlər.
Üçüncüsü, konkret regionda pandemiyanın vəziyyəti və ölkənin pandemiyaya qalib gəlməsi üçün hər bir vətəndaşdan nə tələb olunması barədə ictimaiyyətə açıq məlumat verilməlidir.
Dördüncüsü, vətəndaşların onlara tövsiyə edilmiş təhlükəsizlik tədbirlərinə riayət etmələrini sadələşdirən sistemlər tətbiq olunmalıdır. Əgər insanlara təcrid olunmaq, karantinə getmək və ya işini müvəqqəti dayandırmaq əmr edilirsə, hökumətlər bu tədbirlər nəticəsində zərər çəkmiş ailələrə, kollektivlərə və müəssisələrə imkan daxilində kömək göstərməlidirlər.
Beşincisi, hökumət müəssisələri virusa yoluxmuş insanlarla daim əlaqə saxlamalı və onların bundan sonra nə etmələri barədə müfəssəl təlimat verməlidirlər. Əgər həkimlər xəstələrlə əlaqələri izləmə sistemlərini nizamlamağa və yoluxanların təcrid olunması üzərində səyləri birləşdirməyə nail olsalar, onda məcburi ümumi karantindən yaxa qurtarmaq mümkün olar”.
Doktor Qebreyesusun sözlərinə görə, virusa qarşı mübarizənin əsas strategiyası resursların ədalətli paylanması olmalıdır. İndiki vəziyyətdə ən mühüm resurs oksigendir. Bir çox ölkələrdə nəfəs almaqda çətinlik çəkən pasiyentlərə kömək etmək üçün oksigen, sadəcə çatışmır. Pandemiya səbəbindən oksigenə ehtiyac həndəsi silsilə üzrə artmaqdadır. İyun ayında COVID-19-a yoluxma hallarının nisbətən az olduğu dövrdə oksigenə qlobal tələbat təqribən gündə 88 min balona bərabər idi. Oktyabr ayında bu göstərici artaraq, gündə 1,2 milyon balona çatıb.
ÜST-nin baş direktoru deyib: “ÜST inkişaf etməkdə olan ölkələrin səhiyyə nazirlikləri ilə birlikdə yerli tələbata cavab verən oksigen qurğularının layihələşdirilməsi üzərində iş aparır. Bu, oksigenə ehtiyacı olanların hamısını davamlı şəkildə və kifayət qədər oksigenlə təchiz etməyə imkan verməlidir. Oksigenlə davamlı təchizatın təmin olunması üçün biz bütün hökumətlər, dövlət müəssisələri və özəl tərəfdaşlarla əməkdaşlıq etməyə hazırıq”.

Səhiyyə 2020-10-24 12:06:00