×
A
A
A
Sazlamalar

İstanbulda azərbaycanlı rəssam Rafiq Əzizin sərgisi açılıb

İstanbul, 24 oktyabr, AZƏRTAC

İstanbulda Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əzizin rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “Sərgi - İstanbul” adlı tədbir şəhərin Üsküdar rayonunda yerləşən Sahil Nevməkan Dövlət Sərgi salonunda təşkil olunub.
Tədbirdə çıxış edən rəssam, professor Rafiq Əziz qonaqları salamlayaraq sərgi haqqında ziyarətçilərə məlumat verib.
Bildirilib ki, köhnə İstanbul tarixini özündə əks etdirən sərgidə yağlı boya ilə çəkilmiş 44 rəsm əsəri nümayiş etdirilir.
Tədbirdə Üsküdar Bələdiyyəsinin başçısı Hilmi Türkmən və digər sənətsevərlər iştirak ediblər.
Sərgi dekabrın 20-dək davam edəcək.
Qeyd edək ki, rəssam Rafiq Əziz hələ 1992-ci ildə birinci Qarabağ müharibəsində ata və anasını itirən 10 uşağı İstanbulun İSTƏK vəqfinə gətirib və bugünə qədər onların İstanbulda təhsil almalarına kömək edib. 1992-ci ildən etibarən İstanbulda yaşayan rəssam İstanbulun Yeditəpə Universitetində dərs deyir.
Rəssamın Türkiyənin Dövlət muzeylərində tarixi mövzuları özündə əks etdirən 170-ə yaxın rəsm əsəri var. Bundan əlavə, Rafiq Əzizin yeddi əsəri Türkiyənin Dövlət Zərbxanasında 50 və 20 türk lirəsi xatirə gümüş pul üzərinə həkk olunub.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Mədəniyyət 2020-10-24 11:27:00