Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bu il Biləsuvarda 32 min hektar sahədə payızlıq taxıl əkini planlaşdırılıb

Biləsuvar, 24 oktyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda gələn ilin məhsulu üçün payızlıq taxıl səpininə başlanılıb. İlk olaraq arpa səpini aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə zəmilərdən 82 min138 ton taxıl yığan əkinçilər növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 32 min hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin üçün lazım olan müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar. İşin yaxşı təşkili nəticəsində məhsul istehsalçıları qısa müddətdə 1422 hektar sahəyə arpa səpiblər. Rayonda fəaliyyət göstərən fermerlər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər.
Qeyd edək ki, bu il Biləsuvarda 32 min hektar sahədə taxıl əkilməsi planlaşdırılıb.

Kənd təsərrüfatı 2020-10-24 10:39:00